Narazılıqları haqlı saymayan Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini təsdiqlənmək üçün artıq Konstitusiya Məhkəməsinə göndərib.
Modern.az saytı namizədliyini irəli sürüb deputat seçilməyənlərin Avropa Məhkəməsinə müraciət edib-etməyəcəkləri barədə fikirlərini öyrənib.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa keçmiş namizəd, Ədalət Partiyasının sədri İlyas İsmayılov bu barədə hələ ki düşünmədiyini deyir: “Hələ ki Azərbaycandakı məhkəmələrə müraciət etməklə məşğulam. Apelyasiya Məhkəməsinin cavabını gözləyirəm. Bəlkə heç Avropa Məhkəməsinə müraciət etməyə ehtiyac qalmadı. Ona görə bu barədə hələ ki düşünmürəm”
Ümid Partiyasının sədri İqbal Ağazadə isə Avropa Məhkəməsinə müraciət göndərəcəyini istisna etməyib: “Bir neçə dairə ilə bağlı şikayətlərimiz hələ də qüvvədədir. Konstitusiya Məhkəməsinin cavabını gözləyirik. Cavab qənaətbəxş olmazsa, Avropa Məhkəməsinə müracət edəcəyik”
63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa sabiq namizəd, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də Avropa Məhkəməsinə müracət etməyi düşünür: “Ali Məhkəmədən qərar alandan sonra Avropa Məhkəməsinə də müraciət etmək fikrim var. Çünki mənim haqqımda mətbuatda belə bir yazı gedib ki, guya, “mən Avropa Məhkəməsinə müraciət etməyəcəm”.
Bundan sonra keçmiş rəqiblərim və onların komandası sosial şəbəkələrdə belə xəbər də yaymışdılar ki, Pənah Hüseynin halallığını veriblər. Guya, buna görə şikayət etmirəm. Mən də bunları nəzərə alaraq, Avropa Məhkəməsinə müraciət etməyi düşünürəm”
İnterpress.az