-Sizə konkret nə zamandan qadağa qoyuldu?
-Bu ilin aprel ayından etibarən mənə telekanallarda qadağa qoyuldu. Bu ilin aprel ayından etibarən facebook səhifəmdəki müxalif yönlü paylaşımlarıma və ən çox da M. Ə. Rəsulzadə ilə bağlı statusma görə Azərbaycan telekanallarına mənimlə bağlı qadağa qoyulub. Aprel ayında ATV kanalının bir prodüseri zəng vuraraq öncədən dəvət etdikləri bir verilişə gəlməyimin daha lazım olmadığını bildirdi. Sonra İctimai TV-dən kliplərim yığışdırıldı. Ən kobud münasibəti isə Lider TV-də gördüm. Telekanala öncədən dəvət olunduğum bir çəkiliş üçün getdiyim zaman efir rejissoru mənə “yuxarıdan” göstəriş olduğunu və kanalın binasını təcili tərk etməli olduğumu bildirdi. Yalnız ANS istisna oldu və məni bu kanalda iyun ayına qədər iki verilişə dəvət etdilər. Bu da sevimli aparıcımız Kamran Həsənlinin təşəbbüsü nəticəsində baş verdi. Aradan uzun zaman məsafəsi keçdiyinə baxmayaraq, hələ də bu qadağa hələ də davam edir.
-Sizin facebook səhifənizə baxanda əsl müxalifətçi Qismət bəyi görürük.
-Yox, mən müxalifətçi deyiləm. Sadəcə müxalif düşüncəli insanam. Hər bir normal vətəndaş kimi ara-sıra gördüyüm yanlışları yazıram.
Əlbəttə, sənətçinin işi ancaq mahnı oxumaq deyil. Cəmiyyətdə baş verən neqativ halları işıqlandırmaq, etiraz etmək hər kəsin insanlıq borcudur. Sadəcə bizim cəmiyyətdə müğənnilərin, sənət adamlarının həmişə, ölkədə baş verən sosial-iqtisadi problemlərə susduğunu görmüşük.
-Sizin bu üsyankar statuslarınızı nə əcəb indiyə qədər görməyiblər? Yəni siz həmişə bu yolda olmuşsunuzsa o zaman niyə görə əvəllər bütün bunlara göz yumub sizi telekanallara çağırırdılar?
-Çünki əvvəllər sosial şəbəkələr bu qədər yayğın deyildi. Buna görə də hakimiyyət dairələrinin nəzarəti yox idi. İndi sosial şəbəkələr də nəzarət altındadır.
-Yəni sizi artıq etiraz etməyi bacaran adamların siyahısına aldılar, yəni nəzarətə götürdülər. Hər yerdə qadağa olacağından narahat deyilsiz?
-Yox, mən sadəcə müğənniyəm. Ona görə də başıma nə gəlsə yalnız bu sahədən gələ bilər. Amma tv yasağından başqa hələ ki nisbi sakitlikdir. Çalışdığım başqa sahə yoxdu.
-Sizin yəqin ki, qazanc yeriniz toylardır.
-Təbii. Azərbaycan müğənnisi üçün başqa variant yoxdur zatən. Bizim ölkədə nə diskdən nə konsertdən pul qazanmaq olmur.
-Bu gün insanları bu qədər sıxışdırmaqla nəyə nail olacaqlar? Sizcə bu sıxışdırma xaraktersiz gəncliyin yetişməsinə və gələcəyimiz üçün təhlükə yaratmır?
-Yaratmaz deyəndə ki, yaradıb artıq. Ölkədə cahil, laqeyd bir gənclik formalaşıb. Belə insanları idarə etmək çox asandır. Amma bu gələcəkdə çoxlu fəsadlar verəcək. Bunu düşünmürlər. Gələcəyi düşünsələr bu qədər talançılıq olmazdı.
-Sizcə, bu günki həyatımızda telekanalların rolu nədən ibarətdir?
-Bəli, telekanallarımız bu gün bayaq dediyimiz o cahil toplumu formalaşdırır. Konsepsiya bundan ibarətdir.
-Sizə qarşı haqsızlıq edildi. Bu haqsızlıqla necə mübarizə apracaqsınız?
-Heç cür. Mən Don Kixot deyiləm və olmaq da istəmirəm.
Abuzər
İnterpress.az