Qalib Salahzadənin “kişinin evi olar” söhbətinə qələm əhli cavab verdibackend

Qalib Salahzadənin “kişinin evi olar” söhbətinə qələm əhli cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat Qalib Salahazadənin bir az əvvəl mətbuatda 6 milyonluq villasının şəkilləri yayılmışdı. Bundan sonra mətbuata açıqlama verən Q.Salahzadə 6 milyonluq villasında ancaq anasının qaldığını bildirib. Bilgəhdə yerləşən bu villanı ana babasından qalan qızıllarla tikdirdiyini iddia edən Q.Salahzadə daha sonra deyib ki, “Kişinin evi olar…”. Bu gün Azərbaycanda əhalinin yarıdan çoxunun kirayə mənzillərdə yaşadığını nəzərə alsaq 27 dəfə həcc ziyarətində olan bu şəxsin əslində günah işlətdiyini deyə bilərik. Çünki o, “kişinin evi olar” deyimi ilə evsiz ailə başçılarının, kişilərin qüruruna toxunub.

İnterpress.az qələm əhlindən və ilahiyyatçılardan sabiq deputatın deyiminə münasibəti təqdim edir:

İslam Şıxı. Jurnalist: “Vallah nə deyim? Bizdə bu cür məsələdən utanmaq yerinə bir az da reklam eləmək, digərləriylə rəqabətə girmək normal sayılır. Yüzminlərlə gənc evsizlikdən ailə qura bilmir, deputatlar ağlaşma qurur ki, özlərinə ev verilsin. Hamı da bilir ki, hər bir millət vəkilinin saymaqla bitməyən mülkləri var. Nazirlərin və bəzi məmurların şəxsi bizneslərinin, milyardlarla pullarının, dünyanın ən gözəl yerlərində iqamətgahlarının olmasından narahat deyilsə, millət vəkili də belə olmalıdır da

Vasif Sadıqlı. Filoloq: “Utansın onu deyən adam, ölkədə nə qədər gözəl insanın evi yoxdur. Nizami Gəncəvi deyirdi ki, dünyanın o işi mənə ağır gəlir ki, göylərdən xəbər verən alim ehtiyac içində yaşayır, amma asimanla risimanı(kəndir) ayıra bilməyənin zirzəmisi axça və qızıl ilə doludur”.

Cavid Cabbarlı. İlhaiyyatçı: “Azərbaycan Respublikasının Milli Məclisində Qalib Salahzadə kimi sözləri zərb-məsəllərə çevrilən onlarla deputat var. Bu şəxslər xalqı təmsil etmir, “düyməbasan” funksiyasını daşıyırlar. İldə barmaq sayı qədər açıqlama verən belə şəxslər, özlərini gülüş hədəfinə çevirməkdən başqa bir iş görmürlər. Millət vəkili danışmaq, xalqın səsini çatdırmaq kimi ağır və məsuliyyətli vəzifə ilə görəvləndiyi halda belələrinə susmaq kimi acı və kədərli tapşırıq verilir. Həzrət Əli (ə) buyurur: “Kişi dilinin altında gizlənər”. Yəni insan danışmayınca, onun kimliyi bəlli olmaz. Qalib Salahzadənin “kişinin evi olar” məsələsinə gəldikdə, bəli, kişinin evi olmalıdır. Müdrik şəxslər ev deyəndə dörd divardan ibarət sadə evi nəzərdə tuturlar, bər-bəzəkli daşlardan hörülmüş evi nəzərdə tutmurlar. Ev, hər bir insanın saf və saleh əməllərindən zərgər dəqiqliyilə hörülmüş təhlükəsiz məkandır. Elə bir məkan ki, insan orada rahat yaşamağı bacarmalıdır. Quran məntiqi ilə insan üçün üç rahat məkandan biri də evidir. Bu, kiçik anlamda insanın ailəsi, böyük mənada isə dövləti və vətəni ola bilər. Divarları qızıldan olsa da içində rahat yaşaya bilmədiyin yerə ev demək düzgün deyil. Hörmətli deputatımızın dediyini həqiqi mənada qəbul eləsək, belə çıxır ki, kişi cinsinə aid şəxslərin yarıdan çoxuna kişi deyə bilmərik. Çünki, şəxsi evləri yoxdu, kirayələrdə çürüyürlər. Nə də Qalib bəy kimi imkanlı babaları olmayıb ki, bir az qızıl, filan miras qoysunlar. Vəzifə məsələsində isə o qədər ifrata varıb ki, artıq deputatlığı vəzifə deyil, babasından qalan miras kimi qəbul edir”.

Elman Mustafazadə. Avropada “Azərbaycanın Dostları” cəmiyyətinin sədri: “Əgər Azərbaycanda kişilik evi olmaqla sayılırsa, ölkədə vicdanlı ziyalılara, arxasız ailədən çıxmış gənclərə yazıqlar olsun. Bunu deyən adam milyonçu ola bilər, yüzqat hacı ola bilər, amma onun normal insan olduğuna şübhəm var”.

Əkrəm Həsənov. İlhaiyyatçı: “Adam özünə villa tikdirib. Tək o, deyil axı. Demək olar ki, imkanlı şəxslərin çoxusu özünə bir neçə villa tikdirib gözəl şərait qurublar. Bunu necə ediblər, hansı yollarnan qazanıblar, bunu araşdırmaq bizim işimiz deyil”.

Kamil Həmidov. Jurnalist: “Hər halda bu, onun şəxsi fikirləridir. Ümumiyyətlə, Hacı Qalib qalmaqallı açıqlamaları, çıxışları ilə daim gündəmə gəlməyə çalışıb, bu da onun həmin “silsilə”dən növbəti açıqlamasıdır və bir qədər uğursuz açıqlamasıdır. Kişilik evin olub-olmaması ilə ölçülmür, hər evi olana da kişi demək olmaz. Kişilik ləyaqət, mənlik, qürur, şərəf və sair deməkdir. Yəni sözümün canı odur ki, evin olub-olmamasının kişiliklə əlaqəsi yoxdur. Allah hər kəsin evini, qazancını da özünə qismət etsin. Amma bu cür özündənrazı, aşağılayıcı fikirlərlə insanları, halal çörəyi ilə dolanan, minbir əzab-əziyyətlərə qatlanan əsl kişiləri təhqir etmək olmaz və heç kimə də bu haqq verilmir”.

Səbuhi Məmmədli. Jurnalist: “Bu gün ölkədə on minlərlə kişinin evi yoxdur. Qalib Salahzadə isə kişilikdən danışır və düz edir. Çünki kişi adamdır. 549 dəfə həc ziyarətində olub. Amma qoy bir kişilik də edib, çoxsaylı evlərindən birini də evsiz kişilərdən birinə versin. Onu da deyim ki, normal ölkələrdə belə deputat olmur”.

Ruslan Xelil. Jurnalist: ““Kişinin evi olar” kəlməsini top-tüfənglə qarşılamaq lazım deyil. Doğrudan da kişinin evi olanda özünü daha yaxşı, bütöv hiss edir. Öz payıma deyirəm, kirədə yaşamaq kişi işi deyil. Kişinin öz evi olsa, daha yaxşı olar. Yəqin ki, Qalib Salahzadə də “kişinin evi olar” ifadəsini, evi olmayan kişiləri alçatmaq mənasında işlətməyib. Bahalı evə gəldikdə isə, bu, zövq məsələsidir. Milyonçu olmadığım üçün “milyonum olsa da belə, anama villa tikmərəm” deməyim düz çıxmaz. İslam dininin dəbdəbəli ev tikməyə münasibətini bilmirəm, amma hüquqi baxımdan bunu kiməsə qadağan etmək düzgün deyil. Kimin necə ev tikməsi, onun hüququdur. Qalib Salahzadə artıq deputat deyil və bu üzdən onu qınaya bilmərik. Bu həqiqətdir ki, deputat maaşı ilə villa tikdirmək olmaz. Görünür, cənab Salahzadəgil əvvəldən imkanlı olublar. Bir daha qeyd edirəm ki, deputat olmayan şəxsi bu məsələdə ittiham etmək olmaz. Özü də açıqlama verib ki, babasından qalan qızılların hesabına bu işləri görüb. Bunun əksini sübut etmək üçün əlimizdə heç bir fakt yoxdur”.

Abuzər Azəroğlu