Bu cümlə yadıma illər öncə mətbuat konfransında baş verən bir məqamı saldı. Deməli o zaman Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseyinzadə ilə onun baş redaktoru olduğu “Azərbaycan müəllimi” qəzetinin işdən çıxarılmış kollektivi arasında dava gedirdi. Bu qırğın-dava o qədər böyüdü ki, mətbuat konfransına qədər gedib çıxdı. Biz də gəlib çıxdıq bu konfransa. Deməli, işdən çıxarılan kollektiv keçmiş redaktorlarını yaş yuyub, quru sərirdi. Faktlar bitib-tükənmirdi. Sən demə, “Azərbaycan müəllimi” qəzetindən o qədər ölü pulu yığılırmış ki, sayı-hesabı itibmiş.Yəni bütün ölkədə rəhmətə gedən adamların yaxınlarına başsağlığı bu qəzetdə verilirmiş. Başsağlığının da biri o vaxtkı pulla 50 manat imiş.
Xülasə, qəzəblənmiş kütləni bir yerə yığmaq, sakitləşdirmək mümkün deyildi. Qəfil müəllimlərdən biri qışqırdı ki, ay Bayram müəllim, sən hansı pullarla iki ev almısan, 150 minlik maşında gəzirsən? Sual çox aqressiv, çox dərin və möhtəşəm idi. Sualın möhtəşəmliyi bir anda çığır-bağırdan qulaq tutulan otağı lal sükuta qərq etdi. Bütün gözlər bir nöqtəyə zillənmişdi, bütün qulaqlar indicə eşidiləcək cavabı elə dinləyirdilər ki, sanki bu cümlə ilə min illik suala nöqtə qoyulacaqdı. Axır ki, o cavab da gəldi: “Əcəb eləmişəm, maşın almışam, kişini maşını olar, evi olar”.
Qarşı tərəfin adekvat cavabı o qədər də gecikmədi: “Dünənə qədər kirayələrdə qalanda, avtobuslarda sürünəndə kişi deyildin?”. Burada cənab arqument öz işini gördü və Bayram Hüseyinzadə növbəti cavabı uzun müddət axtarası oldu. Nənəm demişkən, qabaq danışan bilsə ki, hansı cavabı alacaq…
O gün deputat Qalib Salahzadə də deyib ki, onun Bilgəhdakı 6 milyonluq villasında anası qalır.
Sabiq deputat deyir ki, anasının atası varlı kişi olub, qızılları da ona atasından qalıb. Bu söhbət sırf, kökündən yanlışdır. İçində arqument, dəlil-fakt yoxdur. Ortada böyük insan, böyük şəxsiyyət və böyük AZƏRBAYCANLI Zeynalabdin Tağıyevin aclıqdan ölən qızı Sara xanım faktı var.
İkinci fakt Balaxanıdır. Yəni bu gün Balaxanıda işsiz qalan insanların hamısının babası həyətlərindən çıxan neft gölməçələrinin sayəsində milyoner olub. Amma hanı o pullar? Bu gün Balaxanı Azərbaycanın ən kasıb kəndlərindəndir. Yəqin ki, Qalib Salahzadə bunu bilmir, amma mən dəqiq bilirəm. Çünki dəfələrlə bu kəndin sosial problemlərini işıqlandırmışam. Qədimdən, ata-babadan neftçi olan bu insanlar indi hamıya bəlli səbəblərdən neft sahəsindən uzaqlaşdırılıblar. Ona görə yox ki, neftçilik peşəsini kökündən bilirlər, ona görə ki, bu gün kadr seçimi zamanı bilgi əsas rol oynamır. Bu gün fərqi yoxdur, hansı sahə olur –olsun kadr seçmi zamanı tapşırıq əsas rol oynayır. Balaxanılılar isə görünür ki, sahibsizdir.
Üstəlik, bu kəndin camaatı bölgə sarıdan da yarımayıblar. Amma mənim sözüm keçmiş deputat indiki milyonçu Qalib Salahzadəyədir:
Çox hörmətli Qalib bəy. Siz 27 dəfə həc ziyarətində olmusunuz. Qoy kim nə deyir desin, dəqiq bilirəm ki, içinizdəki Allah sevgisi sizi rahat oturmağa qoymayıb, bu qədər əzab-əziyyətlə həc yolunu dəfələrlə gedib-gəmisiniz.
Sizdən bir ailəni xilas etmək üçün kömək istəyirəm. Üzünüz mənə tərəf çevirin və diqqətlə dinləyin. Aylardır, bir azərbaycanlı ailə Tehranın xəstəxanalrından birində gözü yolda, ürəyi səksəkədə bir mərhəmətli insanın qapılarını açacağı günü gözləyir.
Bu ailənin yeganə övladı Orxan bir yaşındaykən atasını itirib. Tək anası və bacısı ilə yaşayır. Orxan avtomobil qəzası zamanı onurğa sütunundan aldığı zərbədən ömürlük əlil olub. 22 yaşlı Orxanın bel sümüyündə aylardır irinlənmə prosesini saxlamaq olmur. Bir ana üçün gözlərinin önünüdə 22 yaşlı övladının şam kimi əriməsi çox ağır faciədir. Amma bu ailənin problemi bununla da bitmir.
Zavallı ana oğlunu xilas etmək üçün Bakıdakı banklardan birindən evini girov qoymaqla kredit götürüb. İllərdir, İranın yollarında oğluna şəfa axtaran ana vaxtında bankın pulunu ödəyə bilmədiyi üçün hazırda ev bank tərəfindən hərraca çıxarılıb. Nə qədər ağrılı olsa da milyonçuların bolluğu ilə seçilən, neft ölkəsinin sakini olan azərbaycanlı ana xəstə oğlunun ömrünü uzatmaq üçün əlindən gələni edir. Azərbaycanda bankın evini əlindən aldığı bu anaya Tehranda ayrı-ayrı şəxslər, mərhəmətli insanlar yardım edir. Sizin bu ailəyə uzanacaq insanlıq əlinizi və mərhəmətinizi gözləyirik və bu günün baş tutacağına inanırıq. İnanırıq ki, Siz bəy babanızdan qalan varidatın çox cüzi qismini bir ailənin xilası üçün xərcləməyə can atacaqsınız. Hər halda İran bizimlə qonşu ölkədir. Amma bütün hallarda evin kişisi ola-ola, evin başıörpəylisinin qonşu kişiyə möhtac olması heç kişilikdən deyil. Biz azərbaycanlıyıq axı. Azrbaycanda ta qədimdən, kişinin bahalı evi ilə yanaşı xeyriyyə məqsədilə açılan əli və mərhəmtli qəlbi olub. Eyni zamanda biz müsəlmanıq və müqəddəs kitabımızda o dünya ilə bağlı xəbərdarlıq var. Yəni heç kəs əbədi dünyada müvəqqəti dünyadakı bahalı evləri ilə sığortalanmayacaq. Sağ əlin verdiyini sağ ələ, sol əlin verdiyini sol ələ YAZAN VAR!
P.S
Əziz oxucularımız, şəkildə gördüyünüz Orxan İmanov hazırda Tehranda xəstəxanada müalicə olunur. Sabah çanaq sümüyündən əməliyat olunacaq. Həlledici məqamdır. Anası deyir ki, həkimlər onun ayağa qalxması üçün Almaniyaya aparmağı məslhət görürlər.
Kömək etmək istəyənlər Orxanın anası Fəridə xanımla əlaqə saxlaya bilər: Whatsapp ilə əlaqə saxlaya biləcəyiniz telefon nömrəsi +989374479115
Arzu Abdulla
İnterpress.az