Qarşıdan yeni il gəlir. Bu bayramda valideyinlərin qayğısı bir az da artır. Orta məktəblərdə valideyinlər növbəti bayram şənliyinə hazırlaşmaq məcburiyyətindədir. Əslində valideyinləri bu şənliyə məcbur edən konkret şəxs yoxdur. Sadəcə olaraq, bir az bəhsə-bəhs, bir az şöhrətpərəstlik iqtisadi böhran yaşayan ailələri ən xırda şənliyi də restoran və ya hansısa uşaq əyləncə mərkəzində etməyə sövq edir. Bu yersiz şöhrətpərəstlikdən isə itirən ailələr, qazanan restoranlar və əyləncə mərkəzləridir.
İnterpress.az yeni il öncəsi Bakıdakı uşaq əyləncə mərkəzlərinin qiymətləri ilə bağlı araşdırma apardı. Araşdırmanı oxuculara təqdim edirik:
25 manata peçenye ilə keks
Uşaqlar üçün əyləncə və inkişaf mərkəzi olan “Crazy Kids Club”da yeni il şənliyi keçirmək istəyən aşağı sinif şagirdləri üçün şirniyyat süfrəsi təklif edir. Peçenye, keks və çaydan ibarət olan süfrəfəyə görə, hər uşaq 25 manat ödəməlidir. Amma “Crazy Kids Club”-un digər menyusu çox bahadır. Hər bir uşaq 40 manat ödəməklə “isti yemək” yeyə bilər. İsti yeməyə isə qızardılmış kartof (bu süfrəyə gətirənə qədər soyuyur) və toyuq ətindən hazırlanmış kotlet daxildir. 3 saat ərzində kotletdən, kartofdan yeyib, Fanta koladan içib “şənlənən” uşaqların bu anlarını tarixə köçürmək istəyən valideyinlər çəkiliş üçün 80 manat ödəməlidirlər. 80 manat ödədikdən sonra əyləncə mərkəzi uşaqların “əyləncəsininin” çəklişini bir diskdə təqdim edirlər. Kİm istəsə özü bu diskin üzünü köçürə bilər.
“Kosmo-Lend” Uşaq Əyləncə Mərkəzi isə bir uşaq üçün 15 manatlıq menyu təqdim edir. Menyuya paytaxt salatı, kəsmikli və ya ətli blinçik, çöpşiş və kartof fri (kartof qızartması)daxildir. Bundan başqa əgər sizin uşaqlarınız içki, yolka və DJ istəsə o zaman əlavə 120 manat ödəməli olacaqsınız. Bundan əlavə əyləncə mərkəzi uşaqlara kağız şou da təklif edir. 40 dəqiqəlik kağız şounun qiyməti 170 manatdır. Deməli, şou zamanı kağızdan qar dənəcikləri kəsilir və qarın yağmağı imitasiya edilir. Bu “qeyri-adi” əyləncənin çəkilişi isə 120 manatdır.
“Mələk” Uşaq Əyləncə Mərkəzində bir uşaq üçün menyu 20 manatdır. Əgər onu şənlik zamanı müşayiət edən ata və ya anası da yemək istəsə, ona 10 manatlıq menyu təklif edilir. 20 manatlıq menyuda kartof qızartması, Kiyev kotleti, kola və təbii meyvə şirəsi var. Şaxta Baba və Qar Qız üçün əlavə 140 manat ödəməli olacaqlar.
Onu da qeyd edək ki, restoranlarda və əyləncə mərkəzlərində konkret qiymət sistemi yoxdur. Bu obyektlərdə kimin ağlına necə gəldi qiymət təyin edir. Ölkədə bu sahəyə nəzarət edən Tarif Şurası isə deyəsən, bütün baş verənlərdən xəbərsizdir. Araşdırmanı hazırlayarkən Tarif Şurasından məsələyə münasibət öyrənmək məqsədi ilə əlaqə saxladıq. Qrumdan çox maraqlı cavab aldıq: “Əyləncə Mərkəzləri dövlət tənzimləmələrinə aid edilmir”. Amma daha maraqlı cavabı Milli Məclisin deputatı Məlahət İbrahimqızı verdi: “Bu mövzuda mənə niyə zəng vurmusunuz? Mən elə bil menecer zadam”. Deputata Sosial–Siyasət Komitəsinin üzvü olduğunu xatırladanda isə “Mən artıq o komitənin üzvü deyiləm” deyib, telefonu qapatdı. Hazırda milli Məclisin saytında (meclis.gov.az) M.Ibrahimqizi Sosial Siyasət Komitəsinin üzvü kimi təqdim edilir. Üstəlik, ən azından 5 il bu komitənin üzvü olan deputat yəqin ki, ölkənin sosial problemlərinə biganə yanaşmasaydı, bu sual qarşısında belə aqressiv hala düşməzdi və ya 10 illik deputatlığı dönəmində qiymətləndirmə probleminin aradan qaldırılması ilə məşğul olsa idi daha ürəklə danışa bilərdi.
P.S Araşdırmamız davam edir