Sabir Rüstəmxanlı: Türkiyənin Rusiyadan üzr istəməsini demək…backend

Sabir Rüstəmxanlı: Türkiyənin Rusiyadan üzr istəməsini demək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Rusiya və İran Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı antiterror əməliyyatı apardığını iddia etsə də, Türkiyə bunun əksini bəyan edir. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildirdi ki, Rusiya İŞİD terrorçularının nəzarəti altında olan əraziləri deyil, türkmanların yaşadığı bölgəni bombalayır. Sizcə, Rusiya və İranın hədəfi İŞİD-lə mübarizədir, yoxsa?..

– Mən bu məsələdə birmənalı şəkildə Türkiyəni müdafiə edirəm. Baxmayaraq ki, Türkiyənin bu regionda gedən proseslərdə passiv müşahidəçi mövqeyində olması məni həmişə narahat edib. Məsələn, Kərkük türkmanları terrorla qarşı-qarşıya qalanda Türkiyə təəssüflər olsun ki, istənilən reaksiyanı vermədi. Əslində, mənim şəxsi düşüncəmə görə, ABŞ İraqa girəndə Türkiyə də belə bir addım atmalıydı. Çünki Lozanna müqaviləsində yanlışlıqla, təsadüfən və bir qədər də dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin ədalətsizliyi ucbatından Mosul, Ərbil və ətraf ərazilər Türkiyədən qoparıldı. Amma bununla belə, həmin bölgələr Türkiyənin zəmanəti altında olduğundan, rəsmi Ankara bu ərazilərə girməyə və əhalini qorumağa borclu idi. İndi buna bənzər hadisə Suriyanın şimalında, türkmanların yaşadığı ərazidə baş verir. Əslində, həmin ərazi indiki Türkiyənin bölgəsidir.
İŞİD terror qruplaşmasını yaradanlar bəllidir. Bu cür terror qruplaşmalarını əvvəl yaradırlar, daha sonra ona qarşı mübarizə aparırlar. Əslində, bunun arxasında bu bölgəni param-parça etmək, bu bölgədə “Böyük Orta Doğu projesi” deyilən bir layihəni həyata keçirmək dayanır. Vaxtilə Rəcəb Tayyib Ərdoğan özünü “Böyük Orta Doğu projesi”nin müəlliflərindən biri kimi təqdim eləmişdi. Mən bu fikri hansı mənada səsləndirdiyini bilmirəm. Ancaq hər halda dövlət başçısı təkcə öz adından danışmır. Türkiyə xalqı bir neçə müddətdir Suriyada soydaşlarının yaşadığını və onların müdafiə olunmasının zəruriliyini bəyan edir. Rusiya sərhədlərindən uzaqda və Türkiyənin qonşuluğunda yerləşən bir dövlətə – Bəşər Əsəd rejiminə dəstək verir, guya terrorla mübarizə aparır. Amma burada eyni zamanda Türkiyənin də maraqları var. Gərək Rusiya bu addımı atanda Suriyanın qonşusu olan Türkiyə ilə də məsələləri razılaşdıraydı. Çünki Türkiyə onsuz da qaçqın axınına məruz qalıb və bu axın da davam edir. İndi Türkiyədə 3 milyondan artıq Suriyadan gəlmiş qaçqın var. Bunları yerləşdirmək çox çətindir. Bir neçə yüz min qaçqın Avropaya üz tutub, indi Avropa çox çətin vəziyyətdədir, onlara qəbul etmək istəmir və həmin qaçqınlara heç bir insani münasibət göstərilmir. Hətta bu məsələni xristian-müsəlman müstəvisinə qaldıraraq, onlara insanlığa yaraşmayan davranış nümayiş etdirməyə başlayıblar. Ancaq Türkiyə neçə müddətdir səbirlə qaçqınları yerləşdirir, onlar üçün çadır şəhərləri tikir, onlara tibbi yardım edir… Rusiyanın apardığı müharibə isə qaçqınların sayını bir az da artırır. Üstəlik, türkmanlar da axıb gəlir. Həmin qaçqınların tərk etdiyi ərazilərdə terrorçu təşkilatların yerləşdiyini və yeni dövlət quruculuğu layihəsini həyata keçirməyə cəhd göstərdiklərini nəzərə alsaq, Türkiyənin bu məsələyə səssiz qalması mümkün deyil. Yəni bütün bunlar nəzərə alınmalıdır.

– Sabir bəy, Rusiya nə üçün türkmanları hədəfə alıb? Rusiyanın bunda siyasi marağı nədir?

– Rusiya mətbuatı bunu belə izah edir ki, guya türkmənlər yaşayan bölgələr Türkiyənin yanacaq təminatına yardım göstərirmiş, guya Türkiyə Suriyanın neftindən istifadə edirmiş və s. Əslində, Rusiya təyyarəsinin Türkiyənin sərhədlərinə daxil olması, dəfələrlə edilən xəbərdarlığa məhəl qoymaması Kremlin həmin bölgədə apardığı siyasətin iç üzünü göstərir. Yəni Xəzər dənizi akvatoriyasından Suriyaya raketlərini atmaqla silahlarını sınaqdan keçirir, Aralıq dənizinə hərbi gəmilərini göndərərək Suriyadakı əraziləri bombalayır, Türkiyənin sərhədindəki kəndlər dağılır. Türkiyə bir dövlət olaraq da buna səssiz qala bilməz. Bu bölgənin taleyi təkcə Rusiyanı deyil, həm də Türkiyəni düşündürür. Açıq-aşkar görünür ki, Putinin siyasəti Rusiyanı təzədən bir dünya dövlətinə çevirərək, dünyanın təkbaşlı olmadığını, Amerika ilə yanaşı, Rusiyanın da gücünün olduğunu sübut etmək, Orta Şərq, Cənubi Qafqaz və Yaxın Şərq bölgəsinə Kremlin nəzarətini gücləndirməkdir. Hesab edirəm ki, bu məsələ Rusiya, NATO və ABŞ-ın öz aralarında həll etməli olduğu bir məsələdir. Burda ayrı-ayrı dövlətlərin və xalqların taleyi sınaq meydanına çevrilə bilməz. Yəni Rusiya yeni silahlarını Suriya xalqının və türkmanların üzərində sınamamalıdır, təyyarələri Aralıq dənizi üzərində necə gəldi cövlan etməməlidir. Bu bölgə xalqlarını yenidən müharibəyə sövq etməkdir və çox yanlış addımdır. Ona görə də dünyanın bir çox ölkələri tərəfindən Rusiyaya adekvat cavab verilib.

– Ümumiyyətlə, belə fikirlər də səslənir ki, türkmanları hədəfə almaqla Türkiyəni müharibəyə təhrik edirlər…

– Məhz “Böyük Orta Doğu projesi”ni yerinə yetirmək üçün İraq, Suriya, Misir və digər ərəb dövlətlərindən sonra sırada İran və Türkiyə də var və bu dövlətləri də savaşa cəlb etmək istəyirlər. Hətta ABŞ-ın Rusiya və Türkiyənin zəifləməsində maraqlı olduğu bildirilir. Ona görə də bu münaqişənin savaşa çevriləcəyini ehtimal edənlər var. Ancaq hesab edirəm ki, Türkiyə NATO-nun üzvüdürsə və uzun illərdir bu təşkilatın əsas güclərindən biridirsə, onda Alyans gərginliyin savaş səviyyəsinədək böyüməməsində maraqlı olmalıdır. Əks təqdirdə, müharibə NATO ilə Rusiya arasında sürər. Türkiyə təklənəcəyi təqdirdə isə NATO dağılar, Alyansa bütövlükdə yer üzündə inam itər və qüvvələr nisbəti dəyişər. Onda da Türkiyə öz mövqeyini yenidən nəzərdən keçirməli olar.

– Bəs Suriyada vətəndaş müharibəsi başlanandan bəri Bəşər Əsəd rejiminə dəstək verən İran nə üçün türkmanlara qarşı əməliyyat aparır? İranın türkmanlara olan münasibətinin kökündə nə dayanır?

– İran türk düşməni olan bir dövlətdir. İran Güney Azərbaycana necə münasibət bəsləyirsə, Kərkük türkmanlarına, həmçinin Suriyanın şimalındakı türkmanlara da o cür münasibət bəsləyir. Bu gün İranı ticari-iqtisadi maraqlar Rusiyaya bağlayır. Bildiyiniz kimi, Rusiya İranı S-300 zenit-raket kompleksi ilə təmin etdi, iki ölkə arasında müxtəlif razılaşmalar, iqtisadi-ticari əlaqələr mövcuddur. Bir növ İran Rusiya üçün bazar rolunu oynayır. İki ölkənin maraqları xeyli vaxtdır üst-üstə düşür. Əslində, Azərbaycanın taleyi da bu iki dövlətin maraqlarına görə son dərəcə ağır vəziyyətdədir, demək olar ki, taleyimiz iki əsrdir qara yazılıb. Hazırda da bu siyasəti davam etdirirlər. Əslində, azərbaycanlıların dirçəlməsi, dövlət qurması, Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Güney Azərbaycanla əlaqələrin artması bu dövlətləri o qədər də maraqlandırmır. Görünür, Aralıq dənizinə İraqın şimalından dəhlizin açılması İranın da maraqlarına xidmət edir. İraqın bugünkü hakimiyyəti də faktiki olaraq İranın təsiri altındadır. Əslində, Rusiya İranla yaxınlaşmaqla həm də İraqa təsirini artırır. Eyni zamanda, Suriya uğrunda gedən mübarizədə Rusiya bütün variantlarda məğlubiyyətə uğrasa da belə, Bəşər Əsədin gedişindən sonra hakimiyyətə Kremlin təsiri ilə kim gəlsə, yenə də Rusiyapərəst bir qüvvə olacaq. Beləliklə, bu bölgədə İran, İraq, Suriya, Aralıq dənizinədək Rusiyameyilli dövlətlər və güclər yaranacaq. Əslində, bu, Azərbaycanın da, Türkiyənin də çevrəsinin bütövlükdə düşmənlər, yaxud türklərin inkişafını istəməyən qüvvələrlə mühasirəyə alınması demək olar.

– Suriya türkmanlarının öz tarixi torpaqlarından çıxarılması, yəni həmin ərazilərin türkmansızlaşdırılması ilə “Böyük Kürdüstan” dövlətinin yaradılmasına zəmin hazırlandığı bildirilir…

– Bəli, “Böyük Orta Doğu projesi”nə görə, həmin dəhliz tamamilə təmizlənməlidir. Ona görə də Türkiyədə də vaxtilə Kobanidə baş verənlərə görə ölkənin canfəşanlıq etdiyi halda, hökumət türkmanların öldürülməsinə göz yumduğundan dolayı tənqid edilirdi. Bu baxımdan Türkiyə də belə bir addımı atmalıydı. Nə qədər səmimidir, deyə bilmərəm. Hər halda, “Böyük Orta Doğu projesi”ni həyata keçirmək üçün tərtib olunan xəritələrin bəziləri yayılıb. Həmin xəritələrdə bir ucu Naxçıvandan başlamaqla digər ucu da Aralıq dənizinədək “Böyük Kürdüstan” dövlətinin qurulması planının olduğunu görürük. “Böyük Ermənistan” xülyasından birtəhər yaxamızı qurtarmışıq, indi də “Böyük Kürdüstan” dövlətinin yaradılması planını ortaya atıblar. Azərbaycanın da bir çox ərazisi, İraq və Suriyanın şimalındakı bütün türkman torpaqları “Böyük Kürdüstan”ın tərkibinə daxil edilir. Bu, bir sıra ölkələrin, o cümlədən İsrailin də maraqlarına xidmət edir. Ola bilsin, ABŞ-da da İsrailin təsiri altında olan bir çox qüvvələr bunda maraqlıdır.

– Sabir bəy, Suriyada yaşayan türkmanların əslən Azərbaycan türkləri olduğu bildirilir. Türkmanların sayı, imkanları necədir?

– Bildiyiniz kimi, bir neçə ay bundan əvvəl DAK-ın Suriya türkmanları ilə bağlı tədbiri olmuşdu. Həmin tədbirdə Suriyadan Azərbaycana gəlmiş qonaqlar da iştirak edirdilər. Biz Suriyada 3 milyon türkmanın yaşadığını bilirdik. Bəziləri isə onların sayının 1 milyon olduğunu deyir. Ancaq həmin qonaqlar Suriya ərazisində ümumilikdə 5 milyon türkmanın yaşadığını və onların da öz torpaqlarını, hüquqlarını müdafiə etmək əzmində olduğunu bəyan etdilər. Əslində, hər şey də indi göz qabağındadır. Türkman Dağında türkmanlar ciddi müqavimət göstərirlər. Düzdür, orada təkcə türkmanlar deyil, Bəşər Əsəd rejiminə qarşı olan başqa qüvvələr də var.

– Türkmanlar Azərbaycan türküdürsə, Azərbaycan dövləti bu məsələlərə reaksiya verməli deyilmi?

– Azərbaycan dövlətinin çoxlu problemləri var və bəzi məsələlərdə bu səbəbdən haqlı səsini ucalda bilmir. Dağlıq Qarabağ münaqişəsi ölkəni asılı vəziyyətdə saxlayıb. Lakin Azərbaycan xalqı öz sözünü dedi, Rusiya səfirliyinin qarşısında piketlər keçirildi, mətbuat kifayət qədər məsələyə həssaslıqla yanaşır. Məncə, Azərbaycan dövləti də diplomatik xətlə Suriyadakı humanitar faciəyə münasibət bildirə bilər. Fərqi yoxdur, istər Suriyada, istər Şimali Qafqazda, istər Rusiya ərazisində, istərsə də başqa region və ölkələrdə olsun, insanların haqsız yerə öldürülmələrinə bir dövlət olaraq səsimizi qaldırmalıyıq.

– Bəs Türkiyənin sərhədlərini pozan Rusiyanın hərbi təyyarəsini vurmasını necə dəyərləndirirsiniz? Bəziləri bunu siyasi səhvi kimi qiymətləndirərək, hətta Türkiyənin Rusiyadan üzr istəməsini dilə gətiriblər.

– Yanlış fikirdir. Dövlətin dövlətdən üzr istəməyi xırda iş deyil. Türkiyə tərəfi məsələyə kifayət qədər konstruktiv yanaşır. Davudoğlu son hadisə ilə bağlı çıxışında bildirdi ki, biz dost ölkəyik və bu baş verənlər münasibətlərimizə təsir edə bilməz. Rusiyalı siyasətçilərin də açıqlamalarına qulaq asdım. Son dərəcə sərt, qəzəbli mövqedən çıxış etdilər. Sanki dünyanın taleyi bunların əlindədir. Bu Rusiyanın köhnə vərdişidir. Elə ki, ölkə daxilində əhalinin iqtisadi vəziyyəti çətinləşir, hakimiyyət dairələrindən narazılıq artır, hökmən belə münaqişələri ortaya atıb, insanların vətənpərvərlik duyğuları ilə oynayırlar. Bu yanlışdır. Rusiyanın belə qəzəbli olmağa haqqı yoxdur. Soruşarlar ki, sənin Suriyada nə işin var? Türkiyənin orada vətəndaşları ola-ola ora müdaxilə etmir. Siz nə üçün gecə-gündüz bombalayırsınız? Tək terrorçular deyil, dinc əhali də vurulur. Güman edirəm ki, bu hirs, qəzəb tezliklə keçib gedər və münasibətlər yenidən normallaşar.

– Belə fikirlər də səsləndirilir ki, bu hadisə ilə Türkiyə Rusiya kimi güclü bir müttəfiqini itirdi, bununda da xarici siyasətdə bir az da təkləndi…

– Güman etmirəm ki, bu münaqişə münasibətlərin tamam pozulmasına səbəb olsun. Soyuqluq yaranacaq, amma bir müddət sonra bərpa olunacaq. Türkiyənin Rusiyaya ehtiyacı olduğu kimi, Rusiyanın da Türkiyəyə ehtiyacı var.

– İki ölkə arasındakı gərginliyin Azərbaycana nə kimi təsirləri ola bilər?

– Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması Azərbaycanın maraqlarına xidmət edir, bizim xeyrimizədir. Ona görə biz də öz xəttimizlə çalışmalıyıq ki, münasibətlər pozulmasın.

İnterpress.az