İnterpress.az xəbər verir ki, 12-14 yaşlarında olan qardaşlar 10 günə yaxındır, Əhmədli kəndində avtobus dayanacağının yaxınlığındakı zibil yeşiklərində yatırlar.
Adını Rəhman kimi təqdim edən oğlan evlərinin Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində olduğunu, bir neçə gün əvvəl kiçik qardaşı ilə evdən qovulduqlarını deyir: “İstəyirəm mənim də evim, çörəyim, ata-anam olsun. Atam həbsxanadadır, anam isə bizi evdən qovub. 10 gündür çöldə yatırıq. Paltar istəyirik. Sığınacaq olsaydı, gedərdik”.
Yaxınlıqda yaşayan Bakı sakini Əli Mustafayev bildirib ki, uşaqlar hər gün zibillikdə olurlar: “Əyinlərindəki paltarlar yay paltarlarıdır. Gecə-gündüz orda qalırlar. Bir maraqlısı budur ki, uşaqlar dilənməyə meyilli deyillər. Yalnız kimsə pul, qida verərsə, alırlar. Onlar böyük risk altındadırlar. Bu uşaqların həyatı təhlükədədir. Üstəlik, onlardan hər cür istifadə edə bilərlər. Rəhman danışır, amma kiçik qardaşı danışa bilmir. Azyaşlılar nəzarət altına alınmalı, müalicə olunmalı, sığınacaqlara yerləşdirilməlidirlər”.
Interpress.az