Nardaranlılar meyitlərini axtarır – SON XƏBƏRbackend

Nardaranlılar meyitlərini axtarır – SON XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, gündəmi zəbt edən Nardaran olayları səngimək bilmir. Bir az öncə Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimovla telefonla əlaqə saxladıq. Nardarnlı Ağsaqqal mətbuatın verdiyi xəbərlərin hamısını təkzib etdi: “Nardaranda öldürülənlərin meyitləri hələ də yiyələrinə təhvil verilməyib. Övladı öldürülən valideyinlər övladının meyitini axtarır. Bütün mətbuat “Meyitlər təhvil verildi, “Meyitlər basdırıldı” yazır, amma bu yalandır. Kimi basdırıblar, hansı qəbirsanlıqda basdırıblar? Bax bu suallar bizi də narahat edir. Övladı öldürülən valideyin övladının meyitindən xəbərsizdir. Basdırılıbsa, qəbirin yerini doğmalarından niyə gizlədirlər?” Nardaran Ağsaqqallar Şurasının sədri İnterpress.az-a verdiyi açıqlamada qəsəbədə hazırda vəziyyətin gərgin olduğunu söylədi: “Bir tərfədən deyirlər ki, 19 nəfəri həbs ediblər. Bir azdan görürəm ki, polis maşınını adamlarla doldurub aparırlar. Qəsəbədə sakitliyi bərpa etmək adıyla gələnlər başdan –ayağa silahla gəzirlər camaatın içində. Bu dəqiqə kəndin o başında atışma səsələri gəlir”.

N.Kərimov daha sonra Nardaranda küçələrdən bayraqların yığışdırılması məsələsinə aydınlıq gətirdi: “Bu gün imamın 40 mərəsimidir. Kənd sakinləri məscidə yığılmışdı, dedilər olmaz, biz də xahiş etdik, axund da camaatdan xahiş etdi, dağılışdılar. Camaat məsciddən çıxıb Əli Meydanı ilə evlərinə gedəndə gördülər ki, bütün bayraqlar, şüarlar yığışdırlıb. Biz bu bayraqları hər il İmamın 40 mərasimində asırıq meydandan, sonra sabahı günü yığışdırıb saxlayırıq məsciddə gələn ilə kimi. Soruşdum, dedilər ki, dini bayraqları, şüarları icra başçısı yığışdıtdırıb. Nardaran Azərbaycanın bir kəndidir, bir parçasıdır, Ermənistan deyil. Bayaq bir qadının 3 oğlunu evinin içindən polislər apardı, ananı qapının ağzında infarkt vurdu”.

Qeyd edək ki, hazırda kənddə Daxili Qoşunların, Daxili İşlər Nazirliyinin xeyli sayda qüvvəsi var. Kənd camaatına evindən çıxmağa icazə verilmir. Kənddə xəstəxananın, doğum evinin işığı kəsilib, hazırda fəaliyyət göstərmir. Belə bir məqamda kənd camaatına qoyulan qadağa anlaşılan deyil. “Bu gün Nardaranda xəstəxana, doğum evi, məktəb işıqsız qalıb. Evlərdən çıxmağa icazə verilmir. Məktəbin direktoru bu gün işıq davası edirdi. Uşaqlar məktəbdə soyuqdan donur. Telekanallar yalandan xəbər veriri ki, “Nardarana işıq verildi, qaz verildi”. Nardaranın nə zaman qazı olub ki? Nardaran sakinləri bütün qışı donur soyuqdan, amma yaxınlıqdakı villaların qazı, işığı, suyu daimidir”.

Arzu Abdulla
İnterpress.az