Georgi Nikolov: “UEFA komandamıza yanvarın 31-dək vaxt verib”backend

Georgi Nikolov: “UEFA komandamıza yanvarın 31-dək vaxt verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionatdakı qış fasiləsi zamanı adətən Türkiyəyə təlim-məşq toplanışına yollanan “bankirlər”in bu dəfə hansı addımı atacaqları bəlli deyil. Büdcəsi xeyli azaldığından, “İnter” Topaz Premyer Liqasının ikinci yarısına hazırlıq prosesini Bakıda da keçirə bilər.

Ölkə xaricinə çıxmayacaqlarını istisna etməyən Nikolov məsələnin maliyyədən asılı olduğunu bildirib: “Bakıda qalmaq və ya başqa ölkəyə getmək şansımız 50-50-yədi. Hər şey maddi durumdan asılıdı. Əvvəlki illərdə toplanışı harada keçirəcəyimiz, hətta hansı komandalarla yoxlama oyunu keçirəcəyimi də artıq bu vaxt bəlli olurdu. İndi isə hələ heç nə məlum deyil. Amma çalışacam ki, gələn həftə bu məsələyə aydınlıq gəlsin”.

Nikolovun sözlərinə görə, toplanışı Bakıda keçirmək komanda üçün əlavə problemlər yarada bilər. Bolqarıstanlı futbol adamı fikrini belə izah edib: “Bakıda qalsaq, sparrinq rəqiblər tapa biləcəyikmi? Hamıya məlumdu ki, toplanışlarda yoxlama oyunları böyük önəm kəsb edir. Bu mənada, hansı komanda ilə qarşılaşmağından çox şey asılıdı. Üstəlik, hava şəraiti də rol oynayır. Həmin müddətdə Bakıdakı hava şəraiti toplanış keçmək üçün əlverişli olacaqmı? Bunları nəzərə alıb, qərar vermək lazımdı. Təbii ki, bu mənada, ən yaxşı variant ölkə xaricində toplanış keçməkdi. Amma bayaq dediyim kimi, burda maddi imkanlar rol oynayır”.

Nikolov UEFA-nın klubların maliyyə hesabatlarını və maliyyə \”Fair Play\”i qaydalarına uyğunluğunu yoxlamağa başlamasına da münasibət bildirib. O, məsələyə aydınlıq gətirərək, Avropanın futbol qurumunun “İnter”i cəzalandırmadığını vurğulayıb: “Bu haqda çox yanlış məlumat yazdılar. Məsələyə özüm aydınlıq gətirsəm, yaxşı olar. Deməli, UEFA maliyyə “Fair Play”i ilə bağlı monitorinq keçirdi. Monitorinqlər başa çatdıqdan sonra Arbitraj Məhkəməsi bizə 2016-cı il, yanvarın 31-dək həmin problemi həll etmək üçün vaxt verdi. Yazırlar ki, guya UEFA “İnter”i cəzalandırıb, halbuki elə şey olmayıb. Sadəcə, həmin müddətə kimi məsələni həll etməyi tapşırıblar. Hazırda klub bu işlə məşğuldu. Sponsorların da köməkliyi ilə yanvarın 31-nə kimi bütün maliyyə hesabatlarını, bu məsələni yoluna qoyacağımıza inanırıq. Bunu bacarsaq, UEFA bizə heç bir cəza tətbiq etməyəcək”.

İnterpress.az