Bu gecə Lənkəran şəhərinin mikrorayon ərazisində yerləşən yaşayış binalarının birinin sakinləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinə zəng vuraraq yaşlı qadının bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığını bildiriblər. Dərhal hadisə yerinə mərkəzin xüsusi riskli xilasedici dəstəsi göndərilib.
Əməliyyat zamanı məlum olub ki, binada yaşayan təqaüdçü Valiyə Hüseynova evdə olsa da, ondan heç bir xəbər almaq mümkün olmur. Xilasedici dəstə xüsusi alət və avadanlıqlarının köməyi ilə 5-ci mərtəbənin aynabəndindən mənzilə daxil olaraq qadını ölümdən xilas edə biliblər.
Araşdırma zamanı o da məlum olub ki, Valiyə Hüseynova evdə tək olub və infarkt keçirdiyindən heç bir çağırışa reaksiya verə bilməyib. Hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardın Stansiyasının həkim briqadası çağırılıb. Daha sonra təcili tibbi yardım avtomobili ilə Valiyə Hüseynova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hazırda Valiyə Hüseynova həkim nəzarəti altındadır. Ona müvafiq tibbi yardım göstərilib və həyatı üçün heç bir ciddi təhlükə yoxdur.(apa)
Interpress.az