Interpress xəbər verir ki APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ali Radada çıxışında deyib. O bildirib ki, ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq: “Bu gün Rusiya suveren Ukrayna ərazisini işğal edib. Mən çox aydın və dəqiq söyləmək istəyirəm ki, ABŞ Rusiyanın Krımı ilhaq etməsini tanımayıb və heç vaxt tanımayacaq”.
C. Bayden qeyd edib ki, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsinin heç bir bəraəti yoxdur və ola da bilməz: “Rusiya sərhəddən öz qoşunlarını, öz quldurlarını, tanklarını, raketlərini göndərməyə davam edir və Donbası bunlarla doldurub. Separatçıları Moskva hazırlayıb və idarə edir”.
Vitse-prezidenti Rusiyanın öz öhdəliklərini yerinə yetirməsi üçün Moskvaya təzyiqləri davam etdirəcəklərini vurğulayıb: “Bütün dünya sizi izləyir, Rusiyanın amansız, rəhmsiz aqressiyası ilə mübarizədə sizin uğurunuza ümid edir”.
C. Bayden Ukraynada korrupsiya ilə mübarizənin də önəminə diqqət çəkib.
İnterpress.az