İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə bir həftədən çox gizli saxlansa da sonradan mediada işıqlandırılıb.
İran saytlarının yaydığı məlumata görə, Sədra Zahidpur adlı 4 yaşlı bir oğlan uşağı çənəsində əmələ gələn bir yaraya görə noyabrın 27-də təcili şəkildə valideynləri tərəfindən xəstəxanaya çatdırılıb. Növbətçi həkim uşağı görən kimi onun çənəsinə tikiş qoyulmasını vacib olduğunu bildirib. Uşağın çənəsinə tikiş qoyulandan sonra tibb bacılarından biri uşağın atasına yaxınlaşaraq ondan müalicə haqqını ödəməsini istəyib.
Kassaya yaxınlaşan atanın qarşısına 50 min tümənlik (təxminən 15-16 manat) hesab qoyulub. Kasıb və yoxsul ata başını aşağı salaraq onun bu pulu ödəməyə imkanı olmadığını bildirib. Tibb bacısı məsələni həkimə danışıb və ondan nə etməli olduğunu soruşub. Yaranmış vəziyyətdən narahat olan həkim isə tibb bacısına deyib ki, gedin uşağın çənəsinə qoyduğum tikişi açın. Həkimin dediyi kimi də olub. Hadisədən sonra uşağın valideynləri müxtəlif hökumət qurumlarına şikayət ediblər. Məsələ bir neçə gün gizli saxlanılsa da, sonradan müxtəlif yollarla mediaya sızaraq işıqlandırılıb. Nəticədə həkim və tikişi açan tibb bacısı tutulub.
Hadisənin mediada işıqlandırılması vətəndaşları qəzəbləndirib və sosial şəbəkələrdə məsələni müzakirəyə iranlılar istər birbaşa, istərsə də dolayı yolla İslam Respublikası hökumətini qınamağa başlayıblar. Etiraz edənlərin çoxu deyir ki, bu qədər zəngin təbii sərvəti olan, neft və qaz yataqları üzərində yaşayan bir ölkənin vətəndaşı niyə o qədər yoxsul olmalıdır ki, öz uşağının müalicəsindən belə məhrum qalmalıdır?
İnterpress.az