Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Vüqar Məmmədov sədrlik edib.
Xatırladaq ki, L.Yunusla birgə mühakimə olunan həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad olunub, hazırda ev dustağıdır. Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq – külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma – külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxs barədə olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrıca icraata götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib (sonradan ev dustağı edilib). Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.
İnterpress.az