Bu haqda zərərçəkənlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumat verib.
Əsabəli Mustafayev mərhumun valideynləri ilə birgə dünən Bakı Şəhər Prokurorluğunda olduqlarını deyib:
“Bizim iştirakımızla istintaq işinin yekunlaşdığı elan olundu. Daha sonra bu barədə də protokol tərtib edildi”.
Vəkil qeyd edib ki, bundan sonra iş materialları ilə tanış olma mərhələsi başlayacaq:
“Qanunvericiliyə görə, iş materialları ilə ən əvvəl təqsirləndirilən şəxslər və onların vəkilləri tanış olmalıdırlar. Sonra isə növbə bizə çatacaq. Yəqin ki, gələn həftənin axırında iş materialları bizə təqdim edilər”.
Vəkilin sözlərinə görə, zərərçəkən tərəfin istintaq materialları ilə sonda tanış olmasının müsbət tərəfi var:
“Biz prosesi axıra qədər izləyib, sonda bütün hallar barəsində öz fikirlərimizi, iradlarımızı göstərə, eyni zamanda cavabdeh tərəfin istintaq qrupuna hansı vəsatət təqdim etdiklərini öyrənə və buna qarşı da hazırlıqlı ola bilərik”.
İş materialları ilə tanış olduqdan sonra yeni vəsatətlər qaldıracağını qdeyən vəkil dekabrın 7-də istintaqa yeni vəsatətlər təqdim etdiklərini də bildirib:
“Bu vəsatət Rasim Əliyevə tibbi yardım göstərən həkimlərlə valideynlərin üzləşdirilməsinə aiddir. Hesab edirik ki, həkimlərin mətbuata verdiyi açıqlamalarla faktiki hallar (yəni Rasimin özünün valideynlərinə dedikləri) arasında fərqlər var. Dünən bu vəsatətin təmin olunmadığı deyildi. Əsas olaraq o göstərildi ki, bu vəsatətdə işin nəticəsinə təsir edə biləcək əsas yoxdur. Onu da deyim ki, biz həkimlərin istintaqa hansı ifadələr verdiyini də bilmirik”.
Əsabəli Mustafayev cinayət işinin məhkəməyə yanvarın sonu, fevral ayının əvvəllərində göndəriləcəyini ehtimal edir.
Mərhum Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bu il avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Ölümlə bağlı tanınmış futbolçu Cavid Hüseynov da saxlanılıb.
Rasim Əliyev 2007-ci ildən Obyektiv TV-nin əməkdaşı, 2015-ci ildən isə ANNTV.az -da video qrupun rəhbəri vəzifəsində çalışıb.
2014-cü ilin sonlarından Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititunun (RATİ) sədri vəzifəsinə təyin edilib.
İnterpress.az