“Məsələ burasındadır ki, bizdə olduğu kimi Donbas problemi ilə bağlı da “Minsk formatı” mövcuddur. Ancaq bu bizim nümunəmizdə olduğu kimi mənasız formatdır, Ukrayna torpaqlarının işğalını uzadır”.
Bu fikirləri Konkret.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Vladimir Zelenski prezident seçiləndə müharibə istəmirdi: “Ancaq sonda o da anladı ki, güc olmadan problem ölü nöqtədən tərpənməyəcək. Ukrayna ordusu son illərdə güclənib, yeni və modern hərbi texnika ilə təhciz olunub. İkinci tərəfdən Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi də Ukrayna hakimiyyətini, siyasi elitasını və cəmiyyətini yaxşı mənada ruhlandırıb. Ancaq Azərbaycanın arxasında Türkiyə var idi, təzyiqləri neytrallaşdırır, hərbi təcrübəsiylə bölüşürdü. Ukraynanı isə sözdə dəstəkləyənlər olsa da, əməldə Qərbdən Kiyevə real dəstək azdır”.
Politoloqun sözlərinə görə, Ukraynanın bu ağır günündə Paris və Berlin, “Sən niyə separatçılara qarşı “Bayraqdar” pilotsuz uçuş aparatlarından istifadə etmisən?” deyə açıqlama veriblər. Bu açıqlama ilə Paris və Berlin Moskvanın əlinə yağ sürtüb, o biri tərəfdən isə bu iki paytaxtı Ukrayna-Türkiyə tərəfdaşlığı narahat edir. Bir sözlə, Ukraynaya çətin olacaq, ancaq boş danışıqdansa Ukraynanın Azərbaycan kimi irəli getməkdən başqa alternativ yoxdur”.