Sabahdan Bakıda yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut xətti açılır.
İnterpress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər.
Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək:
“Marşrut xətti üzrə gediş haqqı 0,30 AZN təşkil edir və ödəniş nağdsız formada – “BakıKart”la olacaq”.
Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.