Dollar kreditlərinə vətəndaş etirazı olsa…backend

Dollar kreditlərinə vətəndaş etirazı olsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il baş verən iki ardıcıl devalvasiya dollarla kredit götürənləri çıxılmaz duruma salsa da, hökumət vətəndaşların problemini, onlara hökumətin yarıtmazlığı üzündən dəyən ziyanı düşünmür. Əhalinin dollarla götürdüyü kreditlərin həcmi kəskin artsa da, hər hansı güzəşt artıq müzakirə edilmir.

Vəziyyətin bu qaydada davam etməsi vətəndaşların kütləvi narazılığına səbəb ola bilər.

Əksər ekspertlər bildirirlər ki, əhali kütləvi şəkildə kreditlərə etirazını bildirsə də, hökumət güzəştə getməyi düşünmür və bu, gözlənilmir. Əksər ekspertlərə görə, dollarla kreditin verilməsi qanunsuz olduğundan, vətəndaşın baş verənlərə etiraz etmək hüququ var.

Ekspert Samir Əliyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu gün qanunvericilikdə kreditlərin valyutasına münasibətdə heç bir məhdudiyyət yoxdur: “Bu, o deməkdir ki, banklar vətəndaşlara istənilən valyutada kredit verə bilər. Qanunvericilikdə bununla bağlı qadağa yoxdur. Sabah hansısa Rusiya bankı Azərbaycanda rublla kredit versə, vətəndaş tez gedib o krediti götürəcək. Hökumət kreditin ancaq manatla verilməsi barədə qərar verərsə, bu, artıq başqa bir situasiya yaradır. Burada əmanətlərlə bağlı problem ola bilər. Bu halda banklar da dollarla əmanət qəbul etməyi dayandıra bilərlər. Ümumən götürəndə bu gün vətəndaşlar kreditlərini qaytara bilmirlər. Bu, vətəndaşdan asılı olmayaraq hökumətin atdığı addım nəticəsində baş verıb. Söhbət devalvasiyadan gedir. Hökumət ötən il iki devalvasiyaya getdi. Milli valyutanı iki dəfə ucuzlaşdırdı. Vətəndaşın da aylıq qazancı milli valyuta ilədir. Yaxud da onun qazandığı pul kredit ödəmə imkanını məhdudlaşdırır. Bu, hökumətin atdığı addımın nəticəsidir. Ona görə bir çox ölkələrdə belə vəziyyətdə hökumət dəstək olur, kompensasiya verir. Söhbət kreditin bağışlanmasından, yaxud vətəndaşın əvəzinə ödənilməsindən getmir.

Azərbaycanda bu yol tutulmadı, nə birinci, nə ikinci devalvasiyada hökumət vətəndaşa dəstək olmadı. Bunun da çox ağır fəsadları olacaq. Ağır fəsadlara ola bilsin, hökumət nəzər yetirmir. Bu fəsadlar artıq dollarla kreditlərin qaytarılmamasıdır. Bu da bank sektorunun çökməsinə gətirib çıxaracaq. Ölkənin maliyyə bazarında ciddi böhran yaradacaq, banklar, bank sistemi etibarını itirəcək. Milli valyutaya etibar itəcək. Bu baxımdan, düşünürəm ki, dollar kreditləri probleminin belə saxlanması, bankların üzərinə atılması düzgün olmayan bir addımdır. Banklar da vətəndaşlara güzəşt etmir. Ən yaxşı halda kredit faizi cüzi aşağı salınır. Bu da vətəndaşın kreditinin şişməsinə səbəb olur. Bir tərəfdən vətəndaş iş yerini itirir, digər tərəfdən də ödədiyi aylıq devalvasiya nəticəsində artıb. Bunun acı nəticəsini qarşıdakı aylarda görəcəyik”.

Ekspert Əkrəm Həsənov isə musavat.com-a deyib ki, dollar kreditləri ilə bağlı kütləvi etiraz olarsa, əhali kütləvi şəkildə kreditlərini ödəməkdən imtina edəcək: “Bunun da nəticəsində bankların xeyli hissəsi çökəcək, bağlanacaq, müflis olacaq. Banklar əmanətləri qaytara bilməyəcək. Bir neçə günə əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanunun qüvvəyə minməsi gözlənilir. O qanun qüvvəyə minsə, bütün əmanətlər tam sığortalı olacaq. Yəni o zaman kreditlər qayıtmasa, əhali kredit borcunu qaytarmasa, yük dövlətin üzərinə düşəcək. Buna görə də problemə dövlət də qarışmağa çalışacaq. Biz indi yəqin ki, bəlkə də bir neçə gün ərzində yeni bankların bağlanmasını görəcəyik. Yaxud da hansı yollasa onlara köməyi görəcəyik. Çalışacaqlar ki, bu problemlər dövlətin üzərinə düşməsin. Ötən il Konstitusiya Məhkəməsinə dollar kreditləri ilə bağlı səhv qərar qəbul etdirilməsi üçün təzyiq etdilər. Hesab edirəm ki, hökumət bir daha bu məsələyə qayıtmaycaq. Ümumən artıq indidən görmək olar ki, əhaliyə verilən kreditlərin çoxu qayıtmayacaq. Bank sistemi üçün gələcəkdə də ciddi problemlər ortaya çıxacaq”.

Ə.Həsənov həmçinin qeyd edib ki, bir ilə yaxındır ki, borclulara birləşərək banklara və digər sələmçilərə qarşı qanunvericilik çərçivəsində mübarizə aparmağı tövsiyə edir: “Birləşmənin yollarından biri antikollektor qurumlarının yaradılmasıdır. Əhalinin belə bir quruma ehtiyacı var. Artıq antikollektor hüquq şirkəti yaradılıb. Şirkətin fəaliyyəti sırf əhalinin və sahibkarların kreditorlara, yəni banklara, bank olmayan kredit təşkilatlarına və sair sələmçilərə qarşı mübarizəsində hüquqi dəstəkdən ibarət olacaq”