İranda ötən ilin sentyabr ayından etibarən başlayaraq keçirilən etiraz aksiyaları hələ də davam edir.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
2022-ci ilin sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin həmin ilin sentyabrın 16-da vəfat etməsi hökumətə qarşı etirazlara səbəb olub.
Beləliklə, aksiya 116 gündür ki, səngimədən davam edir.
İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə noyabrın 29-da çıxışında ölkədə təxminən 3 aydır davam edən etirazlarda təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini bildirib. İranın Təhlükəsizlik Şurası dekabrın 3-də ölənlərin ümumi sayının 200-ü keçdiyini açıqlayıb.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) dekabrın 17-də dərc etdiyi hesabatında Əmininin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 469 etirazçının öldüyünü bildirib.