Qarabağdakı erməni əhali ilə keçirilən görüşdə məsul şəxs qismində Milli Məclisin deputatı Ramil Məmmədovun seçilməsi çox şeyi ifadə edir.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, buradan bir neçə nəticə çıxır:
1. Azərbaycan öz vətəndaşı hesab etdiyi ermənilərlə qanunverici orqan üzərindən təmaslar qurur;
2. Qanunverici orqan üzərindən təmasın qurulması Qarabağdakı erməni əhalisinin nəinki Ermənistanın iddia etdiyi “tərəf” kimi yox, heç icma olaraq da qəbul edilmədiyi deməkdir;
3. Və bu həm də o deməkdir ki, istək və iddialara baxmayaraq, rəsmi Bakı erməni əhalisinin yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamaq şərtində israrlıdır.
Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.