“Son illərdə təkcə Fransa Azərbaycana qarşı ikili standart siyasəti aparmır, həm də Fransanın Azərbaycandakı Səfirliyi də viza üçün müraciət edən və övladı xarici vətəndaş olan Azərbaycan vətəndaşlarını da məqsədyönlü şəkildə incidir”.
İnterpress.az xəbər verir ki, bu sözləri Avropada yaşayan azərbaycanlı məşhur jurnalist Xatirə Sərdarqızı bildirib:
“Anam üçün artıq 2 dəfə viza alması üçün Fransa səfirliyinə müraciət etsək də mənasız şəkildə rədd cavabı aldıq. Baxmayaraq ki, anam 2010-cu ildən mütamadi olaraq hər 3 ayda bir bizim yanımıza gəlib və heç bir qayda pozuntusu olmadan da geri qayıdıb. Anama hər zaman elə Fransa səfirliyinin özü 2-3 illik çoxgirişli viza verib. Pandemiya zamanı 3 illik bir fasilə oldu. İndi yenidən anam artıq böyüyən nəvələrini görmək üçün bura gəlmək istədi. Bu dəfə isə sənəd təqdim ediləndən 1 gün sonra rədd cavabı verildi. Vizaya rədd səbəbi kimi də çox absurd bir səbəb göstərilib”.
“Rədd cavabında “Siz mənşə və ya yaşayış ölkəsinə qayıtma müddəti və ya üçüncü ölkəyə tranzit üçün kifayət qədər yaşayış vasitələrinin sübutunu təqdim etməmisiniz” – deyilir. Halbuki anamın keçəcəyi tranzit ölkə Türkiyədir orda qalması üçün heç bir səbəb yoxdur, çünki bir neçə saatlıq sərhədi belə keçmədən Amsterdama gələcəkdi. Nəzərə alsaq ki, Bakıdan Amsterdama birbaşa uçuş yoxdur, İstanbuldan tranzit uçması normaldır. Yox əgər 3-cü ölkə Amsterdam nəzərdə tutulursa, o zaman bizim göndərdiyimiz dəvət və zəmanət məktubu yetərli deyil? Biz dəvət etdiyimiz anamı qarşılayıb bizdə qalmasını təmin edəcəkdik necə ki, bunu 2010 cu ildən hər zaman etmişik. Bunun üçün yeterli hansı sənəd göndərilməli idi? Düşünürəm ki bu məsələdə anlaşılmazlıq var. Ya sənədləri qəbul edib səfirliyə gətirən aradakı vasitəçi şirkət “Capago” nəyisə yalnış edir,ya da bu Azərbaycan vətəndaşlarına qarşı Fransa səfirliyinin etdiyi bir hörmətsizlik və diskriminasiyadır. Bununla bağlı Fransa səfirliyinə etiraz məktubu da yazmışam. Ümid edirəm ki, məsələni araşdırıb 70 yaşlı bir qadını nəvələrinin yanına gəlməsi üçün bu qədər niyə incitdiklərinin səbəbini yazarlar”, – o əlavə edib.