Cənubi Amerika ölkəsi Ekvadorda Milli Seçki Şurası (CNE) prezident Guillermo Lasso Assambleyanı buraxdıqdan sonra erkən seçki prosesinin başladığını elan edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
741 saylı qanunvericiliyə uyğun olaraq, “2023-cü il Prezident və Qanunvericiliyə Erkən Seçkilər”in avqust ayında keçirilməsinin planlaşdırıldığı bildirilib.
Bəyanatda qərarın yekdilliklə qəbul edildiyi, xalqın seçkilərdə prezidentlə yanaşı vitse-prezident və Milli Məclis üzvlərinə də səs verəcəyi qeyd olunub.
CNE üzvlərinin prezident və qanunvericilik seçkilərinin planlaşdırılması və gündəliyini müzakirə etmək üçün mayın 23-ü çərşənbə axşamı yenidən bir araya gələcəkləri vurğulanıb.
2021-ci il mayın 24-də Ekvadorda vəzifəsinin icrasına başlayan və ölkəni 2025-ci ilin mayına qədər idarə edəcəyi gözlənilən prezident Lasso mayın 17-də xalqa müraciətində ölkədə “ciddi siyasi böhran və daxili qarışıqlıq” yaşadığını bildirib.
Qərara əsasən, Lassonun seçkilər baş tutana qədər ölkəni fərmanla idarə edəcəyi bildirilib.
Mayın 16-da müxalifətin tələbi ilə toplanan Milli Assambleya Lassonun istefasını müzakirə edərkən, prezident Lasso Konstitusiyanın ona verdiyi səlahiyyətdən istifadə edərək məclisi ləğv edib.
2008-ci ildə Ekvador Konstitusiyasına daxil edilmiş “çarpaz ölüm” fərmanı prezidentlə qanunverici orqan arasındakı böhrana son qoymaq məqsədi daşıyırdı. Lasso ölkə tarixinə bu fərmanı həyata keçirən ilk Prezident kimi düşüb.
Lasso dövlət neft şirkəti ilə tanker şirkəti arasında bağlanmış müqaviləni mənimsəməkdə və bu müddət ərzində yol verilmiş qanun pozuntularına göz yummaqda ittiham olunurdu.
Konstitusiya Məhkəməsi korrupsiyada ittiham olunan Lasso üçün 2023-cü il martın 30-da parlamentdə impiçment araşdırmasının aparıla biləcəyinə qərar vermişdi.
Lassoya 2022-ci ilin iyununda korrupsiya ittihamı ilə parlamentdə etimadsızlıq sualı verildi, lakin 92 səs toplaya bilmədiyi üçün işdən çıxarılması tələbi rədd edildi.






