ABŞ-ın vasitəçi kimi ən böyük uğuru Rusiyanı neytrallaşdırmasıdır – Şərhbackend

ABŞ-ın vasitəçi kimi ən böyük uğuru Rusiyanı neytrallaşdırmasıdır – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib ki, Azərbaycan və Ermənistan arasında sülh əlçatandır. Onun sözlərinə görə, məsələlərin həllində və davamlı sülhə nail olunmasında açar dialoqdur.

Son zamanlar ABŞ-ın vasitəçik səyləri intensivləşib. Çünki rəsmi Vaşinqton Rusiyanın başının Ukraynadakı müharibəyə qarışmasından və bu dövlətin regiondakı təsir dairəsinin zəifləməsindən istifadə edir.

Ağ Ev Kremlə nisbətən sülh müqaviləsinə daha loyal yanaşır. Bunun səbəbləri barədə əvvəl də danışmışıq: Qərbin əsas maraqları iqtisadi konteksdədir. Bu maraqların təmin olunması üçün bölgədə təhlükəsizlik təmin olunmalı, nəqliyyat-kommunikasiya xətləri açılmalıdır.

Dövlət Departamentinin nümayəndəsinin açıqlamasında çatdırmaq istədiyi əsas məqamlardan biri ABŞ-ın vasitəçilik səylərinin uğurlu olmasına dair idi. Rəsmi Vaşinqton demək istəyir ki, məhz atılan addımlar nəticəsində sülh müqaviləsi artıq utopiya deyil.

M. Miller davamlı sülhə nail olnuması üçün dialoqun vacibliyini xüsusi vurğulayıb. O, vasitəçiliyin ABŞ-ın moderatorluğu ilə davam etməsinin zəruriliyini qeyd etməsə də, şübhəsiz ki, məhz bunu nəzərdə tuturdu. Çünki regionda maraqlarının təmin olunması və buradakı mövcudluğunu qorumaq üçün vasitəçilik Ağ evə hava-su kimi lazımdır.

Ümumiyyətlə, Ağ evin arzuladığı Bakı ilə İrəvan arasında əsas moderator olmaq və Rusiyanın təşəbbüsü ələ keçirməsinə imkan verməməkdir. Ona görə də Vaşinqton vasitəçi kimi qazandığı uğuru nəinki tərəflərə, həm dünya ictimaiyyətinə göstərmək istəyir.

Əslində ABŞ ciddi bir uğur əldə etməyib. Demək olar, bütün nəticələr söz səviyyəsindədir. Bu dövlətin vasitəçiliyinin bizim üçün ən üstün cəhəti Rusiyanı neytrallaşdıra bilməsidir.
Yəqin ki, ABŞ vasitəçilik səylərini bundan sonra da davam etdirməyə çalışacaq. Vaşinqtonun moderator kimi nə qədər uğurlu olacağını deyə bilmərik. Amma əvvəllər də söylədiyimiz kimi, Kreml ilə Ağ ev arasındakı rəqabət bizim üçün yeni imkanlar deməkdir.

Kənan Novruzov
İnterpress.az