Avropa İttifaqı (Aİ) iqtisadi çətinliklərlə üzləşən Moldovaya 295 milyon avro maliyyə dəstəyi verəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa Şurası üzv ölkələrin Rusiya-Ukrayna müharibəsinin mənfi iqtisadi təsirlərini yaşayan Moldovaya maliyyə yardımı etmək qərarına gəldiyini açıqlayıb.
Qeyd edilib ki, Avropa Şurası Birliyin Moldovaya maliyyə yardımını təxminən 2 dəfə artıraraq, cəmi 295 milyon avroya çatdırıb.
Aİ-nin makromaliyyə yardımının Beynəlxalq Valyuta Fondunun (BVF) razılaşması çərçivəsində Moldovaya təqdim etdiyi resursları tamamlayacağına diqqət çəkilərək, bunun ölkənin iqtisadi sabitliyini və struktur islahatlarını dəstəkləmək məqsədi daşıdığı qeyd edilib.
Həmçinin sözügedən dəstəyin 220 milyon avrosunun kredit, 75 milyon avrosunun isə qrant olacağı, beləliklə də Moldovanın tədiyyə balansı ehtiyaclarının qarşılanmasına töhfə veriləcəyi bildirilib.
İqtisadi böhran zamanı Aİ bilavasitə yaxınlığında olan ölkələrə makromaliyyə dəstəyi verə bilər.
Aİ maliyyə yardımı, sözügedən ölkənin bazarlardan normal olaraq ala biləcəyi kreditlərdən daha əlverişli ödəniş şərtlərini ehtiva edir.