Azərbaycan “B” variantını işə salacaq: Anti-terror əməliyyatı gözlənilir…backend

Azərbaycan “B” variantını işə salacaq: Anti-terror əməliyyatı gözlənilir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələri dünən növbəti dəfə mövqelərimizi atəşə tutub.

Təxminən 10 gündür ki, hər gün ermənilər oxşar provokasiyalar törədirlər. Bu sabotaj cəhdləri Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən sonra intensivləşdi. Düşünürəm ki, təxribatlarla sözügedən səfər birbaşa əlaqəlidir.

Ermənistanla Azərbaycan arasında sülh perskpektivi imkanı son vaxtlar xeyli artmışdı. Sülh müqaviləsinin yaxın vaxtda imzalanacağı gözlənilirdi. Belə bir vaxtda təxribatlar niyə intensivləşdi? Bu 2 səbəblə izah oluna bilər. Ya Ermənistan sülh quruculuğu prosesində qeyri-səmimidir və süni şəkildə gərginlik yaradır, ya da Cənubi Qafqazdakı sabitlikdə maraqlı olmayan və “suların durulmasını” istəməyən tərəflər var. Fikrimcə, ikinci ehtimal daha realdır.

Çoxlarına məlumdur ki, hazırda sülh istiqamətində proseslər daha çox Qərb mərkəzlərində davam edir. Bu isə Rusiyanı narahat edir. Rəsmi Moskva Vaşinqton və Brüsselin fəallığını qəbul etmək istəmir. Odur ki, Kremlin süni şəkildə gərginlik yaratması tamamilə mümkündür. Xüsusilə nəzərə almaq lazımdır ki, Rusiyanın bunun üçün lazımi imkanları var.

Sözsüz ki, baş verən sabotajlara görə Ermənistan hərbi-siyasi hakimiyyəti məsuliyyət daşıyır. Çətin olsa da, indi baş nazir Nikol Paşinyan siyasi iradə göstərməlidir. O, başa düşməlidir ki, başqasının maşası olmaqla düşdüyü çətin vəziyyəti daha da mürəkkəbləşdirir.

Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq Ermənistan üçün ən optimal yoldur. Bunun nəticəsində rəsmi İrəvan regiondakı təhlükəsizliyini təmin edə və gələcəyə daha inamlı baxa bilər. Amma davam edən provokasiyalar Ermənistanı bu imkandan məhrum edir.

Rəsmi Bakı regionun əsas siyasi aktorudur. Xüsusilə Vətən müharibəsindəki qələbədən sonra bölgədə şərtləri Azərbaycan diktə edir. Bu isə o deməkdir ki, Ermənistanın nə etməsindən, nə deməsindən asılı olmayaraq Azərbaycan öz maraqlarını təmin edəcək. Rəsmi İrəvan bunu birdəfəlik başa düşməlidir.

Bizim “A” variantımız diplomatik yollarla sülhə nail olmaqdır. Amma “B” variantımız da var. Ermənistan təxribatlarını davam etdirirsə, biz “B” variantını işə salaraq yeni anti-terror əməliyyatlarına başlaya bilərik.

Kənan Novruzov
İnterpress.az