Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair dördtərəfli görüş Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri bu gün görüşəcək.
11 ildən sonra Ankara ilə Dəməşq arasında ilk təmas ötən il dekabrın 28-də baş tutub. Həmin vaxt milli müdafiə nazirləri və kəşfiyyat rəhbərləri görüşüblər. Daha sonra xarici işlər nazirlərinin müavinləri və xarici işlər nazirləri də Moskvada görüşüblər.
Bu dəfə danışıqlar bu gün Astanada xarici işlər nazirlərinin müavinləri arasında keçiriləcək.
İclasda suriyalıların könüllü qayıtmaları da qiymətləndiriləcək.
4 nümayəndə heyətinin ilk görüşündə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün atılacaq konkret addımlar müzakirə olunacaq.
Türkiyə terrorla mübarizə, siyasi həll yolu, sığınacaq axtaranların könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtması ilə bağlı qətiyyətini bir daha vurğulayacaq.
Dəməşq rəhbərliyinin Türkiyənin prioritetləri ilə bağlı münasibəti prosesin irəliləməsi üçün həlledici olacaq.