Almaniyanın əhalisi 2022-ci ildə immiqrantların da təsiri ilə bir əvvəlki ilə görə 1 milyon 122 min nəfər artıb və Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsindən bu yana ən yüksək illik artımı qeyd edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Almaniya Federal Statistika İdarəsi (Destatis) əhalinin artımı ilə bağlı 2022-ci ilin yekun məlumatlarını açıqlayıb.
Buna uyğun olaraq xaricdən, xüsusən də Ukraynadan gələn immiqrasiyanın təsiri ilə ölkə əhalisi 2022-ci ildə 1 milyon 122 min nəfər artaraq 84,4 milyonluq rekord səviyyəyə çatıb. Beləliklə, ölkənin əhalisi Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsindən sonra hər il ən yüksək artım göstərib.
Destatis vurğulayıb ki, ötən il əhalinin sayının artması Almaniyaya əcnəbilərin köçməsi ilə bağlıdır.
Xalis miqrasiya 2021-ci ildəki 329 mindən keçən il 1,46 milyona yüksəlib. Ötən il Almaniyaya gələn ukraynalıların sayı 915 min olub.
Əvvəlki illərdə olduğu kimi, ötən il doğulanlardan daha çox insan ölüb.
Doğulanları ötüb ölənlərin sayı 327 000-ə yüksəlib. Bu rəqəm 2021-ci il üçün 228 min olaraq qeyd edilib.
Alman iqtisadiyyatının qocalmış əhaliyə görə hər il yüz minlərlə ixtisaslı mühacirə ehtiyacı olduğu halda, keçən il əmək qabiliyyətli immiqrantların gəlməsi əhalinin qocalmasını kompensasiya edib.