Priqojin “son yeməyi” ilə “kimi zəhərlədi”? – Şoyqu istefaya göndərilir?backend

Priqojin “son yeməyi” ilə “kimi zəhərlədi”? – Şoyqu istefaya göndərilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun istefaya göndəriləcəyini iddia edib. Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin arasında razılaşma birmənalı olaraq Müdafiə Nazirliyinə təsir edəcək.

Amerikalı analitiklər iddia edirlər ki, Rusiyanın Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş rəhbəri, təhlükəsizlik orqanlarının sabiq zabitlərindən biri S. Şoyqunun yerinə təyin edilə bilər, lakin onun adı açıqlanmayıb:

“Şoyqu və Gerasimovun istefaya göndərilməsi Priqojinin qələbəsi olacaq”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.

Məlumdur ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında ziddiyət uzun müddətdir hökm sürürdü. Hələ aylar əvvəl Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onlara dəstək verməməkdə ittiham edirdi. Və, ola bilsin, bir neçə gün əvvəl baş vermiş qiyamla etiraz pik həddə çatdı.

Müxtəlif ekspertlərin və institutların fikrincə, S. Şoyqu istefaya göndəriləcək. Etibarlı mənbə və təhlillərinin səhihliyi ilə seçilən ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun proqnozları da bu ehtimalı artırır. Lakin fikrimcə, S. Şoyqunun istefaya göndərilməsi ağlabatan deyil. Ən azından yaxın gələcək üçün. Bunun bir sıra səbəbləri var.

Birincisi, S. Şoyqu uzun illərdər V. Putinin komandasında xidmət edir. Onların həm də yaxın dostluq əlaqələri var. Odur ki, Kreml rəhbəri asanlıqda S. Şoyqunu gözdən çıxarmaz. İkincisi, adətən müharibə davam etdiyi vaxtlarda hərbi elitada dəyişiklik edilmir. Üçüncüsü, ehtimal edilən kadr dəyişikliyi riskli qərardır. Bu, V. Putin üçün daha ciddi problemlərə səbəb ola bilər. Çünki hərbçilərin çevriliş cəhdi ehtimalı yarana bilər.

V. Putin S. Şoyqunu vəzifəsindən uzaqlaşdırmaq və yuxarıda dediyimiz kimi, ehtimal edilən problemlərdən özünü sığortalamaq üçün müdafiə nazirini “incik salmamalıdır”. Bunun üçün ona hansısa daha yuxarı bir vəzifə təklif edilə bilər. Hərçənd belə ehtimal da ağlabatan görünmür.

Doğrudur, V. Putin Y. Priqojini tamamilə “səhnədən salana” kimi onun da “könlünü xoş etmək” barədə düşünə bilər. Bu mənada Müdafiə Nazirliyində müəyyən islahatların aparılması mümkündür. Lakin düşünürəm ki, S. Şoyqu ilə yanaşı, V. Gerasimov da vəzifəsində qalacaq və ehtimal edilən dəyişikliklər ancaq “gözdən pərdə asmaq” olacaq.

Kənan Novruzov
İnterpress.az