Ötən ay Hindistanda qatar qəzasında ölənlərdən 52-nin meyiti tanılmaz hala düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hindistanın Orissa əyalətində iyunun 2-də baş verən və 293 nəfərin həyatını itirdiyi qatar qəzasından bir ay keçməsinə baxmayaraq, 52 cəsədin şəxsiyyəti hələ də müəyyənləşdirilməyib.
Ölkədə ən ölümcül qəzalardan biri kimi qeydə alınan hadisədə həyatını itirən 52 nəfərin cəsədi Bütün Hindistan Tibb Elmləri İnstitutunun (AIIMS) meyitxanasında saxlanılır.
Qəza yerində təmizlik işlərinin başa çatmasına baxmayaraq, bəzi meyitlərin tanınmaz vəziyyətdə olması ailələrin şəxsiyyətini müəyyənləşdirmək prosesini çətinləşdirir.
Qardaşının cəsədini tapmaq ümidi ilə tez-tez xəstəxanaya gedən Şiv Çaran yalnız qardaşının paltarını müəyyən edə bildiyini, lakin DNT testinin nəticəsini gözlədiyini bildirib.
Charan bildirib ki, səlahiyyətlilər DNT testinin nəticələrinin nə vaxt açıqlanacağını açıqlamayıblar.
Qəzada həyatını itirən Anzarul Haque-nin qaynı Muhammed Kerim də bir ay keçməsinə baxmayaraq qohumunun cansız bədəni ilə bağlı məlumat ala bilmədiklərini bildirib.
Bu arada, keçən həftə DNT testi ilə şəxsiyyəti müəyyən edilən 29 cəsəd ailələrinə təhvil verilməyə başlanıb. Səlahiyyətlilər, cəsədlərin səhv ailələrə verilməməsi üçün işlərin diqqətlə aparıldığını açıqlayıb.
Cümə günü, iyunun 2-də, Orissa ştatının Balasore bölgəsindəki Bahanaga Bazar qatar stansiyası yaxınlığında iki sərnişin və bir yük qatarının iştirakı ilə baş verən qəzada 293 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.
Dəmir yolu orqanlarının başlatdığı araşdırmada, ilk təsbitlərə görə qəzaya “siqnal xətası”nın səbəb ola biləcəyi bildirilib.