Ermənistanın “zəhəri çıxarılmalıdır”- Sülh yalnız bu şərtlə mümkündürbackend

Ermənistanın “zəhəri çıxarılmalıdır”- Sülh yalnız bu şərtlə mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında deyib ki, onun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü gözlənilir. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil, eyni zamanda bunun üçün şərait yetişməyib: “Ümid edirəm ki, qarşıdakı görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”.

Baş nazir həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında bütün məsələlər diplomatik yolla həll olunmalıdır.

Xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündən sonra liderlərin də bir araya gələcəyi gözlənilirdi. İlham Əliyevlə Nikol Paşinyan bu ay görüşə bilərlər. Amma görüşün dəqiq tarixi hələ ki, açıqlanmayıb.

Ehtimal etmək olar ki, liderlərin görüşü məhsuldar keçəcək. Amma ciddi nəticələrin əldə olunacağını düşünmürəm. Çünki tarixi təcrübə göstərir ki, Ermənistan hərbi-siyasi hakimiyyətinin əməlləri ilə sözləri üst-üstə düşmür, bəyanatlar isə sadəcə manipulyasiya xarakteri daşıyır.

Paşinyan əvvəllər də oxşar açıqlamalar verib, özünü “sülh göyərçini” kimi göstərməyə çalışıb. Bu, onun ikili oyunun bariz nümunəsidir.
Yəqin ki, liderlərin görüşündə bir sıra məsələlərlə yanaşı, o cümlədən Zəngəzur dəhlizinin açılması, anklavların taleyi, terrorçularına Qarabağdan çıxması da müzakirə olunacaq. Proseslər göstərir ki, Paşinyan bu məsələlərlə bağlı konkret mövqe ortaya qoymaq üçün lazımi siyasi iradəyə malik deyil. O, tərəddüd edir, üçüncü güclərin təzyiqlərindən qorxur. Üstəgəl, təxribatlar dayanmır. Belə bir şəraitdə dayanıqlı sülhdən, şübhəsiz ki, söhbət gedə bilməz. İmzalanacaq sənəd ən yaxşı halda kağız sülh isə kövrək olacaq.

İndiyədək Ermənistanla bir neçə dəfə sənəd imzalanıb. Halbuki Ermənistan həm 1994-cü ildə əldə olunan atəşkəsi, həm də 2020 və 2021-ci illərdə imzalanan üçtərəfli bəyanatları pozub. Bu mənada İrəvanın gələcək sülh müqaviləsini də pozmayacağına dair bizdə heç bir zəmanət yoxdur. Bu isə rəsmi Bakının maraqlarına uyğun deyil. Azərbaycan dayanıqlı və daimi sülh istəyir.

İmzalanacaq sülh müqaviləsindən əvvəl Ermənistanın “zəhəri çıxarılmalıdır”. Elə şərait yaradılmalıdır ki, sülh müqaviləsi üçün hansısa təthid olmaz. Bunun üçün İrəvan tamamilə “dalana dirənməlidir”.

Paşinyan yaxşı başa düşür ki, növbəti hərbi əməliyyatların başlanması Ermənistan üçün faciə deməkdir. Ona görə də diplomatik yola üstünlük verdiyini bildirir. Ancaq unutmaq olmaz ki, siyasət istəklə yox, iradə ilə reallaşır. Paşinyan sülh istəyirə, təxribatlara birdəfəlik son qoymalı, üçüncü güclərin proseslərə müdaxiləsinin qarşısını almalıdır. Əgər bunu o bacarmırsa, Azərbaycan ordusu da edə bilər.

Liderlərin görüşünədək sərhəddə vəziyyətin gərginləşməsi, provokasiyaların intensivləşməsi gözləniləndir. Ehtimal edilən təxribatlarla həm Ermənistan hərbi-siyasi hakimiyyəti, həm də üçüncü güclər liderlərin görüşünün effektivliyini minimuma endirməyə çalışmaq istəyə bilərlər.

Düşünürəm ki, Ermənistan artıq mövqeyini konkret olaraq ortaya qoyub: səmimi deyil. Bu isə o deməkdir ki, təkcə danışıqlarla məsələni həll etmək çətindir…

Kənan Novruzov
İnterpress.az