İstilərlə mübarizə aparan Türkiyənin bir tərəfinə qar yağıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
İyul ayında Ərzincanda Keşiş dağlarının zirvəsinə, 3549 metr yüksəklikdə qar yağıb və burada qar sürprizi yaşanıb.
Vilayətin ən yüksək nöqtəsi olan 3549 metr hündürlükdə olan Keşiş dağlarının zirvəsi ağ örpəyə bürünüb.
Şəhərdə fasilələrlə müşahidə edilən yağış Keşiş dağlarında qar yağışına çevrilib. Səhər saatlarında ağarmış Keşiş dağlarının zirvəsi Ərzincanın Üzümlü mahalının Bayırbağ kəndindən aydın görünüb.
Ərzincan-Ərzurum magistral yolunda nəqliyyat vasitələrini idarə edən sürücülər avtomobillərini yolun kənarında saxlayaraq iyul ayında ağarmış zirvəni izləyiblər. Bir müddət sonra buludlarla örtülmüş zirvədə havanın isinməsi ilə qarın əridiyi görülüb.






