İran Azərbaycan arasında münasibətlərdə yeni “düyün”- İsrail səfirliyinə hücumun “pərdəarxası”backend

İran Azərbaycan arasında münasibətlərdə yeni “düyün”- İsrail səfirliyinə hücumun “pərdəarxası”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Eli Kohen deyib ki, İsrailin Azərbaycandakı səfirliyinə qarşısı alınmış terror hücumuna görə İran məsuliyyət daşıyır. XİN rəhbəri Serbiyaya rəsmi səfəri zamanı verdiyi açıqlamada Tehranın terror hücumuna cəhdin arxasında olduğunu bildirib.

“İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda, İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük”, – Koen vurğulayıb.

Nazir əlavə edib ki, İran hücuma cəhd edən terror şəbəkəsini maliyyələşdirib və ona göstərişlər verib.

Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün birləşməyə çağırıb.

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu günlərdə yaydığı məlumatda bildirilib ki, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.
Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.

Tehranla Tel – Əviv arasındakı münasibətlər məlumdur. Aydındır ki, İsrail bütün fürsətlərdən öz xeyrinə istifadə etməyə, İranı “vurmağa” çalışır. Bu, başa düşüləndir.

Azərbaycanın hər iki dövlətlərə münasibətləri kimsəyə sirr deyil. Amma mövcud münasibətlərə rəğmən, rəsmi Bakı bütün hallarda soyuqqanlı davranmalıdır.

Sözügedən məsələ ilə bağlı araşdırmalar davam edir. Yəqin ki, istintaqın nəticəsində daha çox qaranlıq məqama aydınlıq gətiriləcək. Hələlik isə bizim rəsmi Tehranı ittiham etməyimiz üçün heç bir əsasımız yoxdur. Yox, terror aktına cəhdin İrandan idarə oldunduğuna dair tutarlı faktlar üzə çıxarsa, onda “işin rəngi dəyişəcək”. Çünki İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəmizə sonuncu səfərindən sonra münasibətlərin normallaşmasına ümid yaranmışdı. Əgər əfqan əsilli terrorçuya tapşırıq İrandan verilibsə, bu, Tehranın Bakı ilə münasibətlərdə səmimi olmadığını göstərəcək. Hələlik isə səbrli olmaqda, tələsməməkdə fayda var. Nəzərə almaq lazımdır ki, Azərbaycanla İran arasında gərginliyin davam etməsini istəyənlər də var.

Kənan Novruzov
İnterpress.az