Tbilisidə “Sülh körpüsü”ndə bərpa işləri başa çatıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Tbilisi meri Kaxa Kaladzenin qeyd etdiyinə görə, körpünün bərpası prosesi xarici və gürcü mütəxəssislərin fəal nəzarəti altında həyata keçirilib.
“Biz yararsız vəziyyətdə olan, təmirə və qaydaya salınmağa ehtiyacı olan “Sülh körpüsü”nün bərpa işlərinə başladıq. Hazırda uzunluğu təxminən 200 metr olan piyada körpüsünün zədələnmiş ərazilərinin bərpası və möhkəmləndirilməsi işləri artıq yekunlaşıb. Körpünün asma hissələri bərpa edilib, bunun üçün xüsusi konstruksiyalar qurulub, deformasiyaya uğramış pilləkənlər bərpa edilib. Bundan əlavə, Kür çayının sol sahilindəki körpünün zədələnmiş dayağı bərpa edilib. Bu gün “Sülh körpüsü” hər cəhətdən təhlükəsizdir. Qalan və qarşıdakı aylarda görüləcək yeganə iş körpüdə yeni işıqların quraşdırılmasıdır”, – deyə Kaladze qeyd edib.
Onun sözlərinə əsasən, bərpa işlərinin ümumi dəyəri 1 milyon 400 min lari təşkil edir.