Meksikanın Səhiyyə Nazirliyi ölkədə iqlim dəyişikliyi səbəbiylə həddindən artıq istilər səbəbindən insan itkiləri ilə bağlı hesabat yayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hesabata görə, Meksikada iyunun sonunda termometrlər 45 dərəcə Selsi civarında isti göstərdiyi halda, 19 mart-22 iyul tarixləri arasında normadan yüksək temperatur səbəbindən 249 nəfər ölüb.
Ən çox can itkisi 100 nəfərlə Nuevo Leon əyalətində görülərkən, ölümlərin 92,4%-i isti vurma, qalanı isə susuzluq səbəbiylə meydana gəlib.
Hökumət istidən qorunmaq və xüsusilə saat 11:00-15:00 arasında çölə çıxmamaq üçün gün ərzində tez-tez ən azı iki litr su içməyi tövsiyə edir.
Ötən ilin eyni aylarında Meksikada həddindən artıq istilərdən 38 nəfər ölüb.
Milli Meteorologiya Xidməti (SMN) temperaturun 40 dərəcəni keçdiyi Meksikada “son illərin ən acınacaqlı günlərinin yaşandığı” məlumatını açıqlayıb.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) da isti dalğasında davamlı artım olduğunu və dünyanın daha güclü isti dalğalarına hazır olması lazım olduğunu açıqlayıb.