Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov cəbhədə vəziyyətin həddən artıq gərgin olduğunu deyib. O, bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret qrafik yoxdur: “Kiyevdən başqa kimsə əks-hücum əməliyyatlarımızı müəyyənləşdirə bilməz. Hansısa müddətlərdən danışanlar hərbi əməliyyatların nə olduğunu başa düşmürlər. Əməliyyat şəraiti çətin və mürəkkəbdir. Buna təsir edən bir sıra amillər var”.
O.Danilovun sözlərinə görə, Ukrayna öz silahları ilə Rusiya ərazisinə zərbələr endirmək hüququna malikdir: “Qarşı tərəf demək olar hər gün bizim uşaqlarımızı öldürür. Biz buna necə dözə bilərik?”.
Ukraynanın əks-hücum əməliyyatları 1 aydan çoxdur ki, davam edir. Bir çox Qərb rəsmiləri və institutları prosesin ləng getdiyini bildirir. Rəsmi Kiyev də bununla razılaşır. Buna baxmayaraq, ötən müddət ərazində işğal altındakı xeyli ərazi azad olunub. Əks hücum əməliyyatlarının ən ciddi məqamı isə müharibənin Rusiya ərazisinə keçməsi, o cümlədən Moskvaya PUA hücumlarıdır.
Əks hücum əməliyyatlarının qanlı olacağı və uzun çəkəcəyi aydındır. Rəsmi Kiyev bütün iddialarının həyata keçməsi üçün xeyli mübarizə aparmalı, itki verməlidir. Əks – hücum əməliyyatlarının nə vaxt, necə nəticələnəcəyini isə indidən demək çətindir.
Danilov “Kiyevdən başqa kimsə əks-hücum əməliyyatlarımızı müəyyənləşdirə bilməz” deməklə Qərbin proseslərdə birbaşa iştirak etmədiyini göstərmədə çalışıb. Amma başqa versiya da mümkündür: xarici KİV-in yazdığına görə, Qərb bir neçə aydan sonra əks-hücum əməliyyatlarının dayandırılması ilə bağlı Ukraynaya təzyiq göstərəcək. Bunun əsas səbəbi isə əks-hücum əməliyyatlarının uğursuzluğudur. Son zamanlar Polşa ilə Ukrayna arasında münasibətlərin pozulması xarici KİV-in iddiasının həqiqət olması barədə ehtimalı artırır. Ola bilsin, gələcəkdə Qərblə Ukrayna arasında ziddiyət yaransın. Bəlkə də, Ukrayna rəsmisi açıqlaması ilə məhz Qərbin diktəsinə cavab verməyə çalışıb.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rusiya ərazisinə zərbələrlə bağlı açıqlaması isə onu deməyə əsas verir ki, müharibə getdikcə Rusiya ərazisinə keçəcək. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak da daha əvvəl bu barədə danışmışdı. Müharibənin Rusiya ərazisinə keçməsi Ukraynanın işğal altındakı torpaqlarını daha sürətlə azad etməsinə kömək olacaq.
Təəssüf ki, müharibənin sonu görünmür. Amma savaşın tədricən daha böyük fəlakətlər vəd etdiyi aydındır.
Kənan Novruzov
İnterpress.az