Nigeriyanın şimal-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda son iki həftədə 36 terrorçu zərərsizləşdirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada, son iki həftədə ölkənin şimal əyalətlərində terror təşkilatı Boko Haram və onun silahlı dəstə üzvlərinə qarşı əməliyyatların keçirildiyini bildirib.
Buba Borno əyalətində keçirilən əməliyyatlarda terror təşkilatının 36 Boko Haram üzvünün zərərsizləşdirildiyini deyib.
Şimal bölgəsinin 5 vilayətində keçirilən əməliyyatlarda 163 silahlı dəstə üzvünün ələ keçirildiyini qeyd edən Buba, terrorçulara və silahlı dəstə üzvlərinə məxsus 37 silah, əl qumbarası və mühüm sursatların ələ keçirildiyi barədə məlumatı qeyd edib.
Buba əməliyyatlar zamanı terrorçular və silahlı dəstə üzvləri tərəfindən girov götürülən 140 nəfərin də xilas edildiyini söyləyib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.