Məlumata görə, N.Məmmədəliyevin avtomobili yol polisi əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb və sürücü onu avtomobilin yanına buraxmayan polis əməkdaşlarına etiraz əlaməti olaraq özünü yandırıb.
Hadisədən sonra N.Məmmədəliyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Məsələ ilə bağlı Moderator.az-a məlumat verən özəl mənbə isə bildirib ki, xəbər saytlarında qeyd olunduğunun əksinə olaraq, hadisə cərimə meydançasından kənarda deyil, cərimə meydnçasının daxilində baş verib. N.Məmmədəliyevin özünü yandırmasına səbəb isə cərimə meydançasına salınan avtomobillə bağlı sabah Gəncə DYP-sinin rəisi Rəhim Zalovun “sağ əli” kimi tanınan, şəhər və ətraf rayonlarda öz amansızlığı ilə ad çıxardan inzibati təcrübə inspektoru Elnur Quliyevin məşğul olacağını eşitməsi olub. E.Quliyevin adını eşidən sürücü bildirib ki, adıçəkilən DYP əməkdaşının ədalətinə ümid bağlamaqdansa özünü yandırmağı daha yaxşıdır.
Xatırladaq ki, təxminən iki ay bundan öncə Rəhim Zalovla bağlı sosial şəbəkələrdə maraqlı video yer alıb ki, bu video Gəncə DYP-nin rəisi haqqında heç də az şey demir.