Azərbaycanda Situasiya Mərkəzi yaradılıbbackend

Azərbaycanda Situasiya Mərkəzi yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidmətində dövlət investisiyası layihələri və beynəlxalq təşkilatların dəstəyi çərçivəsində ölkədə təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması məqsədilə ilk addım kimi iki ədəd yeni Doppler hava radar sistemlərinin (Şamaxı və Göygöldə) tətbiqindən sonra Situasiya Mərkəzi yaradılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, mərkəzdə yerüstü müşahidə stansiyaları şəbəkəsindən Radar, Yeni Avtomat Meteoroloji, Avtomat Hidroloji və Avtomat Dəniz Stansiyalarından məlumatların mərkəzləşmiş qaydada toplanması və operativ kompleks təhlili təmin edilir: “Hidrometeoroloji proqnozların və erkən xəbərdarlıq sistemlərinin (hidroloji proqnozlar, gözlənilməz daşqın və sel proqnozları) təkmilləşdirilməsi hava şəraitinə və su ehtiyatlarının vəziyyətinə həssas olan ölkə əhalisinə və bütövlükdə ölkənin iqtisadiyyatına maksimum xidmət edir”.

N.Mahmudov həmçinin bildirib ki, mərkəzdə 2 ədəd dopler radar stansiyalarının, 40 ədəd Avtomat hidroloji stansiyaların, 51 ədəd Meteoroloji stansiyalarının, 4 ədəd dəniz hidrometeoroloji stansiyalarının məlumatları xüsusi proqram təminatları ilə, 37 ədəd müşahidə kameralarının isə real vaxt rejimində görüntüləri vizuallaşır. Bunlardan əlavə, proqnozların hazırlanması üçün Türkmütkap və Eumetsat peyk təsvir modelləri də mərkəzdə vizuallaşır.

Xidmət rəisi xatırladıb ki, son illər ərzində ümumilikdə 57 yeni müasir tələblərə cavab verən avtomat müşahidə sistemləri və 37 ədəd müşahidə kameraları tətbiq edilib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 ədəd hidroloji, 5 ədəd meteoroloji avtomat stansiyalar və 3 ədəd müşahidə kameraları quraşdırılıb”.