Saatlar irəli çəkilmədi, amma problemsiz də ötüşmədibackend

Saatlar irəli çəkilmədi, amma problemsiz də ötüşmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın son bazar günü, yəni ayın 27-də bir sıra ölkələr saatlarının əqrəblərini bir saat irəli çəkməklə yay vaxtına keçib. Azərbaycanda da hər il yay vaxtına keçid olsa da, bu il Nazirlər Kabinetinin müvafiq qərarı bu ləğv edildi. Ancaq Azərbaycanda yay vaxtına keçid ləğv edilsə də, mobil qurğular, kompüter və smartfonlarda saatlar avtomatik olaraq 1 saat irəli çəkilib. Nəticədə də əhali arasında çaşqınlıq yaşanıb.

Deyilənlərə görə, bu məsələ Azərbaycan beynəlxalq səviyyədə UTC+4:00 vaxt ölçüsünə keçirildikdən sonra həllini tapacaq. Hətta metronun bir çox stansiyalarında, avtobuslarda da saatlar avtomotik olaraq bir saat irəli çəkilmişdi. Azərbaycana gətirilən yeni avtobuslarda saatların biri təzə, biri isə köhnə vaxtı göstərirdi. Avtobusda olan sərnişinlərin bir qismi köhnə saata baxaraq gedəcəyi yerə gecikdiyini, bəziləri isə təzə saatla tez çıxdığını deyir və narazılıq edirdilər. Bir sözlə, sərnişinlər də saatların hansının yanlış, hansının düzgün olduğunu ayırd edə bilmirdilər. Bu anlaşılmazlıq Bakı Metropoliteninindən də yan keçməyib. Martın 27-si saat 08:10-da metronun Koroğlu stansiyasında qatarların hərəkət istiqamətini göstərən lövhənin yanında quraşdırılan saat 07:43-ü, digər saat 08:27-ni, müvafiq olaraq stansiyada olan digər saatlar da fərqli rəqəmləri göstərirdi. Bu hal metronun “Neftçilər”, “Koroğlu” stansiyalarında da müşahidə edilirdi.

Maraqlıdır, nəyə görə Azərbaycanda yay vaxt ləğv edildiyi halda elektron cihazlar avtomotik yay vaxtına keçid edib?

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz burada məsuliyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin daşıdığını dedi: “Azərbaycan Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğvi ilə bağlı qərarı, ümumiyyətlə isə saat məsələsinin tənzimlənməsi beynəlxalq əhəmiyyət kəsb edən bir məsələdir. Yəni qlobal dünyada müəyyən resurslar var ki, onların tənzimlənməsi artıq lokal çərçivədə yox, qlobal çərçivədə həyata keçirilir.

Azərbaycanda olan saat Microsoft, əməliyyat sistemləri istehsalçıları kimi qlobal şirkətlər var ki, onlar üçün əhəmiyyətlidir. Proqram istehlakçıları üçün isə hansısa balaca, böyük ölkələrdəki saat məsələsi, lokal, milli resurslar var ki, bunlar əhəmiyyətlidir. Azərbaycan hökuməti yay vaxtının ləğvinin lokal əhəmiyyətli deyil, qlobal əhəmiyyətli məsələ olduğunun fərqinə varmalı idi. İnterneti qoşmaq üçün olan avadanlıqlar, yəni telefonlar, kompüterlər, proqram təminatları və sairələr saatla bağlı məlumatı dünyada bu işlə məşğul olan bəlli bir beynəlxalq qurumun informasiya sistemindən alır. Yəni anlaşıqlı dillə desək, vahid bir baza var və onlar internet üzərindən bu bazaya qoşulub istənilən saat qurşağına daxil olan ölkənin saatını həmin məlumat bazasından əldə edir və ön plana çıxarırlar. Azərbaycan hökuməti öz qərarının icrasında yetəri qədər ciddi addım atmayıb. Yəni bizim yerli saatla bağlı dəyişikliyi bütün dünya üzrə saat qurşaqlarının məlumatını özündə cəmləşdirən beynəlxalq qurumdakı informasiyaya dəyişiklik etməyib. Ona görə də mobil telefonlar, internet köhnə bazadan olan məlumatı üzə çıxarıblar.

Düşünürəm ki, bu çaşqınlığa cavabdeh olan qurum Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Bu qurum saatla bağlı vaxt etalonun müəyyən edilməsinə cavabdeh olan qurumdur. Bu qərarın icrası istiqamətində həmin o beynəlxalq informasiya sistemində Azərbaycanla bağlı məlumatın yerləşməsinə cavabdeh qurum budur və məsuliyyəti də bu qurum daşıyır. Eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də burada birbaşa məsuliyyəti olmasa da, Azərbaycandakı müəyyən qlobal şirkətlərlə ciddi maarifçilik işi apara bilərdi. Bu qlobal şirkətlər yaranmış problemlə bağlı yetərli informasiya mühiti yarada bilmədilər. Camaat çaşqın vəziyyətə düşdü. Qlobal şirkətlər həyəcan təbili çalmalı idi. Məsələn, Rusiyada 2014-cü ildə bizdəki kimi qərar qəbul olunmuşdu. Rusiya yay vaxtına keçidi oktyabrda ləğv edəcəklərinə baxmayaraq, artıq avqust ayında məlumat bazasını dəyişmişdilər. Oktyabr gələndə də heç bir problem yaşanmadı. Çünki qabaqcadan informasiyanı dəyişdirmişdilər. Halbuki Rusiyada 11 saat qurşağı var. Biz də isə bir…”

Azərbaycanda yay vaxtının ləğvi xarici ölkələrlə aramızda olan saat zamanında da xeyli fərq yaradıb. Azərbaycanda əhali daha çox xarici telekanallara, xüsusən də Türkiyə kanallarına baxır. Yay vaxtına keçiddən imtina izləyicilərin sevimli seriallarının, verilişlərinin də vaxtının dəyişməsinə səbəb olub. Buna görə də insanları düşündürən bir sualda Azərbaycanın dünya ölkələrindən zaman fərqinin nə qədər olacağı ilə bağlıdır. Məsələn, Türkiyə Azərbaycan saatından yay vaxtına keçmədən öncə iki saat geri qalırdısa indi bu fərq birə enib. Çünki Türkiyədə martın son bazar günü saatlar bir saat irəli çəkilib və yay vaxtına keçid baş verib. Buna görə də Türkiyə Azərbaycandan bir saat geridə qalır. Azərbaycan artıq Finlandiya, Bolqarıstan, Latviya saatlarından 1 saat, Almaniya, Fransa, Hollandiya, Danimarka, Macarıstan saatlarından 2 saat, ABŞ, Kanada saatlarından 10 saat, Meksika, Braziliya saatından 9 saat irəlidir. Çin saatından isə 2 saat, Tailand saatından 1 saat, Avstraliya saatından 4 saat geridir. Rusiya və Gürcüstanla isə saat fərqimiz artıq yoxdur. Bundan başqa Azərbaycanın saatı Yunanıstanla 1 saat, Almaniya saatı ilə fərq isə 2 saata enib. Nyu-York saatı Azərbaycan saatından 8 saat geri idisə, indi bu fərq 7-ə enib. Həmçinin, Azərbaycan saatı Budapeşt saatından 3 saat irəli idisə, hazırda bu fərq 2 saatdır. Çexiya saatından isə 2 saat irəlidə olacaq. Əvvəl isə bu fərq 3 saat idi.(musavat.com)

İnterpress.az