Azərbaycan Dillər Universitetində (ADU) Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qara bəla- ağ ölüm” adlı narkomaniya ilə bağlı maarifləndirmə kompaniyalarının keçirilməsi layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
İnterpress.az xəbər verir ki, dəyirmi masa Ulu öndərin və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə EMMİB-nin sədri Qəmzə Yusubova açıb.
Öncə Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, sonra isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin üzvü Vüqar İskəndərov çıxış edib.
Hər iki Millət vəkili problemin aktuallığından və universitet tələbələri arasında keçirilməsinin bu problemlə mübarizədə mühum əhəmiyyət kəsb etməsindən danışıb.
Dəyirmi masa Modern İnkişaf və Ailə İB-nın sədri Zərifə Quliyevanın çıxışı ilə davam edib.
Daha sonra layihə çərçivəsində hazırlanmış “Qara bəla-ağ ölüm” adlı videoçarx nümayiş olunub.
Videoçarxın nümayişindən sonra hüquq-mühafizə orqanlarından gələn qonaqlar, Bakı Şəhər Baş Polis İdarəsinin polis polkovnik- leytenantı Kəmalə Ələkbərova, Nəsimi Rayonu polis idarəsinin polis mayoru Yeganə Zeynalova, Bakı Şəhər Dövlət Yol Polis idarəsinin inspektoru polis mayoru Fuad Sultanov, BDYP-nin təbliğat şöbəsinin inspektoru polis baş leytenantı Rüstəm Əhmədli çıxış ediblər. Onlar çıxışlarında əsrin bəlasından qorunmaq üçün gənclərə öz tövsiyyələrini veriblər.
Daha sonra isə tədbir mövzu və film ətrafında diskusiya ilə davam edib.
Gənclər mövzu ilə bağlı münasibətlərini bildirib, qonaqlara mövzu ətrafında onları maraqlandıran suallar ünvanlandırıblar.
Bildirilib ki, layihənin əsas məqsədi dövrümüzün qlobal problemlərindən biri olan narkomaniyanın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bir amil olduğunu gənclərə çatdırmaq, gələcəyimiz olan yeniyetmə və gəncləri bu bəladan qorumaqdan ibarətdir.
Təşkilat layihə çərçivəsində Respublikanın müxtəlif rayonlarında yeniyetmə və gənclər arasında maarifləndirmə kompaniyaları aparmaq məqsədi ilə bu mövzuda dəyirmi masalar təşkil edib. Təşkilatın fəaliyyətinin prioritet istiqaməti dövlətin, Prezident İlham Əliyevin bütün sahələrdə siyasi kursunu, ətraf mühitlə bərabər, gənclər siyasətini də dəstəkləməkdən ibarətdir. Hal-hazırda da EMMİB ölkənin həyatında baş verən mühüm ictimai-siyasi proseslərdə yaxından iştirak edir, yüksək fəallıq göstərərək töhvə verməyə çalışır.