Aİ X-in məzmun qaydalarına uyğunluğunu araşdırırbackend

Aİ X-in məzmun qaydalarına uyğunluğunu araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) HƏMAS-ın İsrailə hücumlarından sonra yayılan dezinformasiya, qeyri-qanuni və zərərli məzmuna görə sosial media platforması “X”in Aİ-nin onlayn qaydalarına uyğunluğu ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Komissiyası Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində əvvəllər Twitter kimi tanınan X platformasına rəsmi məlumat sorğusu göndərildiyini açıqlayıb.

Tələbin qanunsuz məzmun və dezinformasiya, xüsusilə terrorizm, zorakılıq xarakterli nəşrlər və nifrət nitqinin yayılması ilə bağlı Komissiyaya daxil olan iddialardan sonra edildiyi vurğulanıb.

Aİ-nin avqust ayında qüvvəyə minən yeni rəqəmsal qaydaları çərçivəsində “X”in “çox böyük onlayn platforma” kimi təsnif edildiyi xatırladaraq, onun qeyri-qanuni məzmunun yayılması və qarşısının alınması kimi müxtəlif yeni qaydalara əməl etməsi lazım olduğu bildirilib.

“Komissiya “X”in Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğunluğunu araşdırır, o cümlədən qeyri-qanuni məzmunun bildirilməsi, şikayətlərə baxılması, risklərin qiymətləndirilməsi və müəyyən edilmiş risklərin azaldılması tədbirləri ilə bağlı siyasət və təcrübələri”, – deyə məlumatda deyilir.

Avqust ayında qüvvəyə minən Aİ qanunu əsas rəqəmsal platformalarda sərt qaydalar tətbiq edib.

Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər. Təkrar pozuntular halında, Aİ-də sözügedən rəqəmsal platformaların fəaliyyətinə xitam verilə bilər. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən İsrailə hücumun ardından Aİ Komissiyası qanunsuz məzmun və şiddət ehtiva edən dezinformasiyanın yayıldığını təsbit edib.

Aİ daha sonra Meta və TikTok-a oxşar xəbərdarlıq edib.