Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdıqdan iki gün sonra Füzuli Şəhəri Gününü rayon ictimaiyyətinin nümayəndələri ilə Füzulidə qeyd etdi. Ermənilərin işğal dövründə yerlə yeksan etdiyi Füzuli şəhərində bünövrədən ucaldılmış yeni yaşayış kompleksinə köçürülən sakinlər bu dəfə Azərbaycan Prezidentini əsl ev sahibi kimi qürur hissi ilə qarşıladılar. Həqiqətən, ard-arda tarixi günlər yaşayırıq. Yaşadığımız qürur hissinin ölçüsünü ifadə etmək üçün bəzən söz də yetərli olmur. Çünki Şuşadan ucalan Azan səsinin, Xankəndidə dalğalanan Azərbaycan Bayrağının, dədə-baba torpaqlarına əbədi yaşamaq üçün qayıdan keçmiş məcburi köçkünlərin sevincini sözlə ifadə etmək olduqca çətindir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat qeyd edib ki, Füzulidə keçirilən tədbir dünyaya göstərdi ki, ermənilərin zorla didərgin saldığı, torpaq həsrətinə görə onilliklər ərzində mənəvi iztirablar içərisində yaşamağa məhkum olan keçmiş məcburi köçkünlər artıq öz tarixi yurdlarına qayıdır. Azərbaycan rəhbərliyi mümkün olan hər şeyi edir ki, onlar bundan sonra öz torpaqlarında daha rahat, ən yüksək standartlara cavab verən şəraitdə yaşasınlar. Füzulidə inşa olunan, həqiqətən göz oxşayan yeni yaşayış kompleksləri bunun əyani sübutudur. Bu, həm də onun sübutudur ki, Qarabağa və Şərqi Zəngəzura əzəli sahibləri qayıdır. Ermənilərin torpaqlarımızda törətdiyi vandallığın, dağıntıların miqyasını görmək istəməyən, hər vəchlə onları gizlətməyə çalışan, üstündən heç nə olmamış kimi keçmək istəyən bir Ermənistandır, bir də onun özü tək bədniyyət havadarları. Azərbaycanın öz imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda apardığı irimiqyaslı bərpa-quruculuq işlərinə sevinməyən də yalnız onlardır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu mesajı xalqımızı, dost və qardaş ölkələri, beynəlxalq hüququn və ədalətin təntənəsinə sevinənləri nə qədər qürurlandırırsa, bədxahlarımızı da bir o qədər məyus edir: “Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda-2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir”.
“Nəzərə alsaq ki, bərpa-quruculuq işləri torpaqların minalardan təmizlənməsi ilə paralel şəkildə və yalnız daxili imkanlarımız hesabına aparılır, Böyük Qayıdışa belə bir qısa müddətdə başlanılması, həqiqətən, qürur hissi doğurur. Milli qürurumuza və milli kimliyimizə rahatlıq gətirən başqa bir həqiqət isə ondan ibarətdir ki, bu tarixi günləri bizlərə heç kim bağışlamayıb. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin, 28 il ərzində guya “tərəfsiz” vasitəçilik etmiş dairələrin bu tarixi nəticədə iştirak payı sıfıra bərabərdir. Əksinə, onlardan bəziləri uzun illər ərzində Ermənistanın işğalı ilə bağlı yaranan status-kvo vəziyyətinin qorunmasına, onun davamlı olmasına çalışıb. Belələri özləri-özlərini aldadaraq ümid ediblər ki, vaxt nə qədər uzanarsa, Azərbaycan xalqının yaddaşı korşalar, dövlətimiz isə haqlı tələblərindən geri çəkilər. Bədxahlarımız hesablamalarında ona görə aldandılar ki, onlar xalqımızın öz tarixi köklərinə və milli-mənəvi dəyərlərinə genetik kod səviyyəsində nə qədər bağlı olduğunu duya bilmədilər. Ən başlıcası, işğalçı Ermənistan və onun havadarları böyük səhvə yol verərək sadəlövhcəsinə Lider amilini unutdular. Anlamadılar ki, Prezident İlham Əliyev üçün tarixi köklərimizə və dəyərlərimizə bağlılıq, onların bir çoxlarından fərqli olaraq, sadəcə duyğusallıq məsələsi deyil. Bu, Azərbaycan Prezidenti üçün Ulu Öndər Heydər Əliyev ocağından və siyasi irsindən irəli gələn xilaskarlıq missiyasının məntiqi sonluğa çatdırılması ilə bağlı tarixi seçim məsələsidir. Bu, həm də həqiqət anıdır”, – deyə Ü.Quliyev əlavə edib.
Vurğulanıb ki, Ermənistanın və havadarlarının ən böyük səhvlərindən biri də onunla bağlı oldu ki, onlar Qarabağı bir gün də görməyən, onun suyunu içib havasını udmayan gənc nəslin Torpaq, Vətən naminə gözünü qırpmadan ölümə gedə biləcəklərini təsəvvürlərinə də gətirmirdilər. Çünki bədxahlarımız Azərbaycan xalqı üçün torpaq və qeyrət məfhumları arasında bərabərlik işarəsinin dayandığını görə bilmədilər. Ermənistanın özü üçün çox faydalı olardı ki, onun siyasi-hərbi rəhbərliyi, oradakı revanşist qüvvələr və onlara kənardan züy tutanlar Prezident İlham Əliyevin Füzulidə səsləndirdiyi bu böyük həqiqətin məğzinə varmağa cəhd etsinlər: “Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”.
Azərbaycana qarşı ədalətsiz mövqeyindən əl çəkməyən Fransa və onun kimi ölkələr, onların “dirijor” çubuğu ilə Ermənistana “xristian təəssübkeşliyi və xristian erməni dövləti ilə həmrəylik” çağırışı altında dəstək verən və yalnız bu səbəbdən ölkəmizin əleyhinə qərəzli qətnamələr qəbul edən Avropa Parlamenti və Avropa Şurası kimi təşkilatlar Azərbaycan Prezidentinin Füzulidən verdiyi növbəti mesajın arxasında dayanan reallıqla, nəhayət ki, barışmalıdırlar: “Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik!”.
Bildirilib ki, Azərbaycanın bədxahları işğalçı Ermənistana dəstək naminə hətta beynəlxalq hüququ və ədalət prinsipini ucuzlaşdırmağı özlərinə yaraşdırsalar da, çirkin məqsədlərini demokratiya və insan haqları kimi ümumbəşəri dəyərlərin kölgəsində nə qədər gizlətməyə çalışalar da, bilsinlər ki, Azərbaycan Prezidentinə təsir edib onu haqq yolundan döndərə bilməyəcəklər. Çünki bu yol monolit bir cəmiyyətin, bütöv bir xalqın ümumi və yeganə seçimidir. Bu müqəddəs seçimin önündə Azərbaycan xalqının tərəddüdsüz güvəndiyi və tarixi qərarlarının düzgünlüyünə, uğurlu nəticələrinə zərrə qədər şübhə etmədiyi qətiyyətli Lideri dayanır!