Azərbaycanda atıcılıq üzrə Dünya Kuboku mərhələsi keçirilə bilər.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, adıçəkilən yarışın 2024-cü ilin mayında təşkili planlaşdırılır: “Bu isə böyük yarış hesab olunur. Buna görə də, qarşıdakı illərdə Avropa çempionatının Azərbaycanda keçirilməsi nəzərdə tutulmur”.
Baş katib Bakıda təşkil olunan Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında müzakirə olunacaq məsələlər barədə də məlumat verib: “Baş assambleyada əsasən növbəti illərdə Avropa ölkələrində inkişaf planı müzakirə ediləcək. Eyni zamanda, 2027-ci ilə qədərki Avropa çempionatlarının hansı ölkələrdə keçiriləcəyi ilə bağlı səsvermə olacaq. Həmçinin, son iki ildə Avropa Atıcılıq Konfederasiyasında və qitə ölkələrində görülən işlər barədə hesabatlar veriləcək”.