Avstraliyanın Ukraynaya 20 milyon dollarlıq əlavə hərbi dəstək paketi verdiyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Avstraliya Baş Nazirlik dəftərxanası Rusiya-Ukrayna müharibəsində istifadə edilmək üçün Ukraynaya 20 milyon dollar dəyərində yerli istehsal hərbi texnika göndərdiklərini açıqlayıb.
Bildirilib ki, əlavə yardım paketinə Avstraliyanın müdafiə sənayesi şirkətləri olan DroneShield, Micro-X, Minelab və SPEE3D tərəfindən istehsal olunan portativ rentgen cihazları, 3D metal printerlər, pilotsuz uçuş aparatları əleyhinə sistemlər və minatəmizləmə avadanlıqları daxildir.
Bu yardımla Avstraliyanın 24 fevral 2022-ci il tarixində başlayan müharibənin başlanğıcından bu yana Ukraynaya etdiyi ümumi yardım 910 milyon dollara çatıb.
Bundan əlavə, Kral Avstraliya Hərbi Hava Qüvvələri bəyan edib ki, E-7A Wedgetail tipli təyyarə Ukraynaya humanitar və hərbi yardımın çatdırılması xəttini qorumaq üçün çoxmillətli səylər çərçivəsində 100-ə yaxın Avstraliya Müdafiə Qüvvələri personalı ilə 6 ay ərzində Almaniyaya gəlib.
Bildirilib ki, sözügedən təyyarə və Avstraliya Müdafiə Qüvvələrinin şəxsi heyəti Rusiya-Ukrayna müharibəsində iştirak etməyəcək və Rusiya, Belarus və Ukrayna hava məkanına daxil olmayacaq.