“Bəzi lobbilərin Azərbaycanın döyüş meydanında qazandığı qələbəsinə kölgə salmaq üçün kampaniyalar apardığının fərqindəyik”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş oktyabrın 26-da Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O qeyd edib ki, bütün dünya, o cümlədən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) illərlə Qarabağ münaqişəsinin həlli üçün heç bir iş göstərməyiblər, həll yolu təklif etməyiblər: “Beləliklə, Azərbaycan qətiyyətli mövqeyi və hərbi müdaxiləsi nəticəsində işğal faktına son qoyuldu”.
TBMM sədrinin sözlərinə görə, indi döyüş meydanında qazanılan qələbənin danışıqlar masası ətrafında uğurla yekunlaşdırılması vaxtıdır: “Azərbaycanın bütün beynəlxalq platformalarda haqlı mübarizəsinə hələ də mane olmağa çalışanların olduğunun fərqindəyik”.