Sentyabrın 30-da Slovakiyada keçirilən seçkilərdə birinci olan Sosial Demokrat Partiyası (SMER), Liberal Səs Partiyası (HLAS) və Slovak Milli Partiyası (SNS) arasında qurulan koalisiya hökuməti fəaliyyətə başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
4-cü dəfə Slovakiyanın baş naziri vəzifəsini icra edən SMER sədri Robert Fico prezident Zuzana Çaputovanın yeni kabineti təsdiqləməsindən sonra keçirilən mərasimdə konstruktiv hökumət olacaqlarına söz verib.
Macarıstanın baş naziri Viktor Orban və Serbiya prezidenti Aleksandr Vuçiç Fikonu təbrik edən ilk liderlər arasında olub.
Sentyabrın 30-da keçirilən seçkilərdə qalib gələn SMER lideri Ukraynaya hərbi yardımı dayandıracağına söz verib.
Məlumdur ki, Fico da Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşıdır.
Slovakiyada siyasi qeyri-sabitlik 2018-ci ilin fevral ayında mafiya və siyasət arasında münasibətlərdən bəhs edən slovak jurnalist Yan Kuciak və onun nişanlısı Martina Kusnirovanın öldürülməsindən sonra davam edir.
Koalisiya, azlıq və texnokrat hökumətlərin qurulduğu ölkədə 5 ildə 5 baş nazir dəyişib.