“Qarabağın erməniəsilli sakinlərinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.
İnterpress.az-ın xəbərinə görə, bu, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məqaləsində əksini tapıb.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir:
“Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tətbiq edir. Aktual məsələlərdən biri Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi ilə bağlıdır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu məsələ Azərbaycan dövlətinin daxili məsələsidir, Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.