Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına həlak olmuşlar. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurmuşlar\”.
Modern.az saytı xəbər verir ki, bunu aprelin 2-də Azərbaycan Respublikası prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri Zakir Həsənov deyib.
Nazir çıxışında bildirib:
– Möhtərəm Prezident, cənab Ali Baş Komandan, məruzə edirəm ki, son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu yerləşən ərazilərdə, kəndlərdə təxribatları artırıbdır, əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edir. Son hadisələr göstərir ki, əhali arasında itkilər çoxalıb. Bu təxribatların qarşısını almaq üçün əməliyyat şəraitini qiymətləndirərək qərar qəbul olunmuşdur ki, erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələr endirilsin və onların hərbi birləşmələri bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilsin. Bununla yanaşı, ehtimal olunan istiqamətdə erməni silahlı qüvvələrinin ehtiyatlarının hərəkətini də nəzərə alaraq, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirmişdir. Əməliyyat şəraitini nəzərə alaraq, Talış və Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları ilə ələ keçirilmişdir. Bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi.
Məruzə edirəm ki, əməliyyat vaxtı erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindən ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə əməliyyat keçirmişlər. Bunun da qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz həmin istiqamətlərdə döyüş tədbirləri həyata keçirmiş və zərbələr endirmişlər. Erməni silahlı qüvvələri bu zərbələr nəticəsində həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər vermişdir. Məruzə edirəm ki, Silahlı Qüvvələrimiz əməliyyat şəraitini nəzərə alaraq həmin istiqamətlərdə və yüksəkliklərdə öz mövqelərini möhkəmləndirmişdir. Gün ərzində erməni silahlı qüvvələrinin təxribatlarının qarşısı uğurla alınmışdır. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalmışdır. Bizdə olan məlumata görə, 100-ə yaxın düşmən məhv edilmiş və bir neçə yüz düşmən yaralanmışdır. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarılmışdır. Əməliyyat şəraitini və erməni silahlı qüvvələrinin əsas hərbi hissələrinin Madagiz yaşayış məntəqəsində yerləşməsini nəzərə alaraq oraya da zərbələr endirilmişdir. Onu da məruzə edirəm ki, bir neçə hərbi top hissəsi Madagiz yaşayış məntəqəsindən bizim mövqelərə, bir də yaşayış məntəqələrinə birbaşa zərbələr endirirdilər.
Məruzə edirəm ki, bütün əməliyyat şəraiti nəzərə alınmaqla, Silahlı Qüvvələrimiz tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.
İnterpress.az