Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışın qurumdan xaric olunması etirazlara səbəb olub. Tanınmış hüquqşünas barəsində aprelin 1-də Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın şikayəti əsasında Vəkillər Kollegiyasının iclası keçirilib və bu cür qərar qəbul edilib.
M.Baxış Ali Məhkəmənin hakimi Ramiz Rzayev barəsində ötən ilin noyabrında moderator.az-a verdiyi müsahibəyə görə bu cür halla üzləşib. Vəkil “Yeni Müsavat”a açıqlamasında dedi ki, barəsində çıxarılan ədalətsiz qərardan sonra cəmiyyətdən ciddi dəstək alıb: “Azərbaycan balaca yerdir, kimin nəylə nəfəs aldığını, əqidəsinin nə olduğunu, təhsilinin olub-olmadığını və digər bu kimi amilləri insanlar yaxşı bilirlər. 1989-cu ildə BDU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1988-ci ildə BDU-da oxuyarkən Azərbaycanı hüquq sahəsində ümumittifaq olimpiadasında 1-ci yerə çıxarmışam. Universiteti bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına daxil olmuşam. Saatlıda prokuror vəzifəsini icra edərkən o zaman rayonun icra başçısı olan Gülhüseyn Əhmədovun qanunsuz hərəkətlərinə qarşı etirazımı bildirdiyimə görə, əsassız olaraq prokurorluq orqanlarından xaric olunmuşam. 2005-2006-cı illərdə Azərbaycanda keçirilən hakim seçkilərində iştirak etmişəm və ən yüksək nəticə göstərmişəm. Üçüncü mərhələdə də ən yüksək nəticə göstərdim. Amma fikirlərimə görə məni qəbul etmədilər. 2007-ci ilin noyabrında yüksək nəticə göstərərək, Vəkillər Kollegiyasına üzv qəbul olundum. O dövrdən bu günə qədər heç bir hakim deyə bilməz ki, ona pul daşımışam, yaxud hansısa bir işlə bağlı onunla əlaqəyə girmişəm. Bütün Azərbaycan bilir ki, vəkil Müzəffər Baxış maklerliklə məşğul olmur. Azərbaycanda əksər vəkillər ancaq maklerliklə çörək qazanırlar. Əslində qalsa, vəkillikdən çörək qazanmırdım. Vətəndaşlarımız qarşısında alnıaçığam. Bütün bunlara görə də Vəkillər Kollegiyasından xaric olunandan sonra cəmiyyət mənə böyük dəstək göstərdi. Bu cəmiyyətdə əxlaqlı, şərəfli insanlara qarşı repressiyalar davam edir. Vəkillər Kollegiyasından çıxarılmağım azad söz deməyimə mane ola bilməz. Daha şiddətli şəkildə sözlərimi deyəcəm. Ali Məhkəmənin hakimi Ramiz Rzayev və məhkəmədə qanunsuz hərəkətlərlə məşğul olan şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün sona qədər mübarizə aparacam. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov həmin vəzifədə işləyəndə də onun qanunsuz hərəkətlərini tənqid edirdim. Bununla bağlı təzyiqlərə məruz qalırdım. Sonda çirkaba bulanmış Eldar Mahmudov cəmiyyətdə ifşa olundu, amma Müzəffər Baxış heç bir ifşaedici hərəkətləri olmadığına görə hələ də fəaliyyətini davam etdirir. İnanıram ki, Ramiz Rzayevə qarşı da bu məsələ sonunda həllini tapacaq”.
Hüquqşünas bundan sonra məhkəmə proseslərində vəkil kimi iştirak edə bilməyəcəyini də açıqladı: “Onlar fəaliyyətimin dayandırılması barədə qərar qəbul ediblər. Amma kimlərlə müqavilə bağlamışamsa, onların hüquqlarını müdafiə edəcəm. Məhkəməyə qədər yeni müqavilələr bağlaya bilmərəm. Məhkəmə onların qərarını təsdiq etsə, o zaman üzvlükdən xaric olunmuş sayılacam. Proseslər bu şəkildə davam etsə, məhkəmədə iştirakıma ehtiyac yoxdur. Çünki məhkəmələr Ali Məhkəmənin nəzarəti altında fəaliyyət göstərirlər. Bu prosesdə tərəflərin biri Ramiz Rzayev olduğundan məhkəmədə iştirakı lüzum bilmirəm. Əlimdə Ali Məhkəmənin İntizam Komissiyası tərəfindən 15 fevral 2016-cı il tarixli rəy var. Çalışacam ki, həmin rəyi mətbuatda yayım. O zaman bütün cəmiyyət Ali Məhkəmənin İntizam Komissiyasının nə qədər savadsız olduğunu görəcək. Onlar rəydə göstərirlər ki, Ramiz Rzayev barəsindəki müsahibəm vəkillik fəaliyyətimlə bağlıdır. Qəzetə müsahibəm necə fəaliyyətimlə bağlı ola bilər? Müsahibədə göstərmişəm ki, hakim Tatyana Qoldman Ramiz Rzayevin göstərişi ilə qanunsuz qərar qəbul edib. Fərhad Cavadov adlı birisinin şəriki ilə məhkəmə mübahisəsi var. O, hər yerdə bildirir ki, Ramiz Rzayevin şəxsi diş həkimiyəm, hara getsən heç nəyə nail ola bilməyəcəksən. Ramiz Rzayev vasitəsilə qərarların ləğvinə nail olacağını deyir. Onun dedikləri prosesdə öz təsdiqini tapdı. Cavadov əgər Rzayevin diş həkimi deyilsə, o zaman çıxıb desin ki, bu adda şəxs tanımıram. Fərhad Cavadovun fikirləri həqiqətə söykənir. Çünki özü mənə deyib. Çalışacam ki, məhkəmənin İntizam Komissiyası üzvlərinin və Ramiz Rzayevin ifşasına nail olum”.
M.Baxış həyatına təhlükələrin olub-olmamasından da söz açdı: “Qanunu sevən biri kimi, qanunla həbsimi ağlıma gətirmirəm. Amma hər bir vətəndaşın qanunsuz həbsi mümkün olan ölkədə mənim də bu tərzdə həbs edilə biləcəyim halları ola bilər. İndidən gələcəyimi müəyyən etməmişəm. Yalnız ölülər və dəlilər fikirlərini dəyişmirlər. Əgər fikrimi dəyişib məhkəmələrdə iştirak etsəm, qərar ziyanıma olsa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəm”.
İnterpress.az