Yaponiyada Matsusaka cins mal-qara (Vaqyu) hərracda 30 milyon yen (202 min dollar) qiymətinə satılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. NHK dövlət televiziyasının xəbərinə görə, yerli cins heyvanların satışı ilə tanınan bölgələrdən biri olan Mie əyalətində hərrac keçirilib.
Hərracda Mie Prefekturasının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan olan 9 hakim ölçüsü, tükü və ümumi fiziki tarazlığına görə qiymətləndirilən 50 iribuynuzlu mal-qara təqdim edilib.
“Hiroko No.1” adlı 676 kiloqramlıq Matsusaka cinsli iribuynuzlu heyvan 30 milyon yenaya (202 min dollar) satılıb.
Bu, son 8 ilin ən yüksək alıcı qiyməti kimi qeydə alınıb. Mal-qaranın yeni sahibi Mienin Tsu rayonundan olan “Asahiya” qəssab dükanı olub.
Mal-qaranı yetişdirən Taiki bölgəsindən olan yapon seleksiyaçısı Nakamura Kazuaki deyib: “Gözlənilməz qiymət məni təəccübləndirdi. Mal-qaraya qulluq etmək üçün göstərdiyim səylərin bəhrəsini verdiyinə görə xoşbəxtəm və daha da yaxşı mal-qara yetişdirmək istəyirəm”.