Cənubi Koreyada tibb fakültəsi tələbələrinin sayının artırılması təşəbbüsünə etiraz edən minlərlə intern həkimi istefaya təşviq etmək və yönləndirmək iddiası ilə Koreya Tibb Assosiasiyası (KMA) və Koreya Pediatriya Assosiasiyasından 5 nəfərə qarşı istintaq başladılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yonhap-ın məlumatına görə, Səhiyyə və Rifah Nazirliyi KMA-nın Fövqəladə Hallar Komitəsinin sədrini, KMA rəhbərliyinin digər iki üzvünü, KMA-nın keçmiş prezidentini və Koreya Pediatriya Assosiasiyasının prezidentini kursant həkimləri kütləvi istefaya yönəltməkdə günahlandırıb.
Seul Böyükşəhər Polis Agentliyinin ictimai cinayətləri araşdıran bölməsi, 5 nəfərə qarşı başladılan istintaqla nazirliyin irəli sürdüyü ittihamları araşdırmaq üçün hərəkətə keçib.
Səhiyyə və Rifah Nazirliyi kənd yerlərində və mühüm tibb sahələrində səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbindən tibb fakültəsi kvotalarını 2 min nəfər artırmaq qərarına gəlib.
Bunun üzərinə ölkədəki həkimlər fevralın 20-də başda paytaxt Seul olmaqla bir çox şəhərdə “tibbi təhsilin və xidmətin keyfiyyətinin pisləşəcəyi” səbəbilə hökumətin planına etiraz etmiş, 9 mindən çox kursant istefa ərizəsi vermişdi.
Hökumət istefaların ictimai sağlamlığa təsirini əsas gətirərək, ictimai sağlamlıq riski səviyyəsini “ehtiyatlı”dan “ciddi” səviyyəyə qaldırdı.
Səhiyyə və Rifah Nazirinin ikinci müavini Park Min-soo istefaların qəbul edilmədiyini, həkimlərin işə qayıtması üçün son günün fevralın 29-da olduğunu, əks halda onların lisenziyalarının mart ayından etibarən ən azı üç ay müddətinə dayandırılacağını bildirib.